“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub
Qazax, 2 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) həyata keçirdiyi "PeşəFest-2026" layihəsi bu dəfə Qazax rayonunda baş tutub.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festival şagird, tələbə və onların valideynlərini əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq və gənclərin peşə seçiminə dəstək olmaq məqsədi daşıyır.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rəcəb Babaşov, DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov, ayrı-ayrı dövlət və özəl təşkilatların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
RİH başçısı R.Babaşov çıxışında gənclərin əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnmələrinin, onların peşə seçimində düzgün istiqamətləndirilmələrinin vacibliyini vurğulayıb. O, “PeşəFest”in xüsusilə də regionlarda yaşayan gənclərə müxtəlif peşələr üzrə real imkanları vermək, əmək bazarındakı tələblərlə tanış olmaq və gələcək karyera seçimində uğurlu qərar vermək imkanı yaratdığını bildirib.
DMA-nın İdarə Heyətinin sədri H.Abbasov “PeşəFest”də peşələrlə yalnız nəzəri baxımdan deyil, praktiki təqdimatlar vasitəsilə də tanış olmaq fürsəti yaradıldığını diqqətə çatdırıb. Agentlik sədri sürətlə dəyişən əmək bazarında gənclərin yeni çağırışlara hazırlıqlı olmalarının vacibliyini vurğulayıb və bildirib ki, agentlik bu baxımdan peşəyönümü məsləhət xidmətlərinin göstərilməsinə xüsusi əhəmiyyət verir.
Festival çərçivəsində peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı tövsiyələr veriblər. Tədbirdə həmçinin, qazaxlı yeniyetmə idmançılar öz məharətlərini nümayiş etdiriblər. Eləcə də, regionda fəaliyyət göstərən peşə məktəblərinin tələbələrinin hazırladıqları məhsullar sərgilənib.
Qeyd edək ki, növbəti “PeşəFest-2026” oktyabr ayının 5-də Bərdə şəhərində keçiriləcək.
Müxbir-Ruslan Novruzoğlu