Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır
Bakı, 2 oktyabr, AZƏRTAC
“Qaya” Dövlət Ansamblının Üzeyir Hacıbəyli festivalı çərçivəsində çıxışı kollektivin yeni səhnə formatındakı imkanlarını nümayiş etdirib.
Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva deyib.
Onun sözlərinə görə, kollektivin Üzeyir Hacıbəylinin operettasına müraciət etməsi mühüm yaradıcılıq addımı olub. Çünki “Qaya”nın üzvləri, ilk növbədə, estrada və caz ifaçıları kimi tanınırlar.
“Onlar caz və populyar musiqi ifa edirlər. Bilirəm ki, Üzeyir Hacıbəylinin musiqili komediyasını ifa etmək onların çoxdankı arzusu olub. Onlar əvvəllər də Üzeyir bəyin ayrı-ayrı əsərlərini ifa ediblər. Lakin indi operettanı belə estrada-caz üslubunda təqdim etmələri göstərir ki, onlar həqiqətən çox şeyə qadirdirlər. Bu, artıq teatrdır”, - deyə Z.Əliyeva qeyd edib.
O vurğulayıb ki, əsərlərin səhnə təcəssümü məhz kollektivin imkanlarını yeni formada üzə çıxarmağa şərait yaradıb.
“Qaya” sadəcə instrumental ansambl deyil, həqiqətən də unikal mədəni hadisəyə çevrilmiş mahnı teatrıdır. Bizim mədəni məkanımızda belə ansambllar çox azdır”, - deyə müsahibimiz bildirib.
Z.Əliyeva “Qaya”nın yaradıcılığı ilə uşaqlıqdan tanış olduğunu qeyd edib. Onun sözlərinə görə, kollektiv uzun illər Azərbaycan musiqi mədəniyyətində xüsusi yer tutub və ölkəmizi xaricdə təmsil edib.
“Məndə belə bir təəssürat var ki, bu ansamblla birlikdə doğulmuşam. Xatırlayıram ki, “Qaya”nı daim dinləmişik, bütün müğənni və rəhbərlərini tanımışıq. Biz onları həmişə sevmişik, çünki bu, bizim sənətimizi bütün dünyada təmsil edən ansambl idi”, - deyə o bildirib.
“Qaya”nın dünya musiqi mədəniyyətindəki yerindən danışan Z.Əliyeva kollektivin vokal imkanlarını, səhnə obrazını və peşəkarlığını qeyd edərək onu tanınmış xarici ansambllarla müqayisə edib.
“Dünyada Four Freshmen”, ABBA, “Swingle Singers”, “Orero” və digər böyük ansambllar tanınır. Mənə elə gəlir ki, “Qaya”nı da onlarla müqayisə etmək olar, belə ki, burada həm səslər gözəldir, həm görünüş, həm də peşəkarlıq var”, - deyə o qeyd edib.
Z.Əliyevanın sözlərinə görə, Üzeyir Hacıbəylinin yaradıcılığına müraciət kollektiv üçün mühüm nailiyyət olub və onun gələcək fəaliyyətində yeni istiqamətlərin yaranmasına yol aça bilər.
“Üzeyir bəyin əsəri əsasında onların belə bir teatr tamaşası hazırlamaları fəaliyyətlərində böyük nailiyyətdir. Düşünürəm ki, gələcəkdə onların interpretasiya istedadlarını nümayiş etdirə biləcəkləri başqa çoxlu materialları da var”, - deyə o sözlərini yekunlaşdırıb.
Müxbir – Lalə Minasazova