Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı
Bakı, 2 oktyabr, AZƏRTAC
Pakistanın Azərbaycandakı səfirliyi Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Pakistan Dili və Mədəniyyəti Mərkəzi ilə birgə oktyabrın 2-də “Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı” adlı ədəbi tədbir təşkil edib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində pakistanlı motivasiya spikeri və yazıçı Qasim Əli Şahın “Towards the Goal” (“Mənzilə doğru”) əsərinin Azərbaycan dilinə tərcüməsinin, habelə ADU-nun rektoru akademik Kamal Abdullanın “Sehrbazlar dərəsi” əsərinin urdu dilinə tərcüməsinin təqdimatı keçirilib. Tərcümə olunmuş əsərlər Pakistan və Azərbaycan arasında ədəbi-mədəni mübadilələrin inkişaf etdiyini göstərir.
Tədbiri Pakistanın federal təhsil və peşəkar təlim üzrə dövlət naziri Vəcihə Qəmər açıb. Azərbaycan Respublikası Milli Məclisinin deputatları Tamam Cəfərova və Rizvan Nəbiyev iki qardaş ölkə arasında mövcud olan tarixi əlaqələri yüksək qiymətləndiriblər.
Proqram çərçivəsində Virginiya Morqan-Hayat tərəfindən Pakistanın zəngin və rəngarəng mədəniyyətini, irsini və təbiət mənzərələrini əks etdirən fotolardan ibarət sərgi də təqdim olunub. O, həmçinin Pakistanla bağlı şəxsi təcrübələrini və təəssüratlarını bölüşüb. Tədbirdə “Salam Pakistan” sənədli filmi də nümayiş etdirilib.
Qonaqlara Pakistan mətbəxinin nümunələri təqdim olunub.
Tədbir Pakistan və Azərbaycan arasında çoxəsrlik dostluq münasibətlərinin və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində ədəbi və mədəni mübadilələrin əhəmiyyətini bir daha nümayiş etdirib.