“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan
Bakı, 2 oktyabr, AZƏRTAC
Tarixi şəhərin siması yalnız daş divarlarda, fasadlarda və qədim tikililərdə qorunmur. Həmin məkanlarda yaşayan insanların məişəti, sənətkarlığı, geyimi və gündəlik həyatına dair izlər də şəhərin yaddaşının bir hissəsidir. Şəkidə xalq arasında “Xan məscidi” kimi tanınan kompleks bu mənada memarlıq irsi ilə etnoqrafik yaddaşın qovuşduğu məkanlardan biridir.
Komplekslə bağlı AZƏRTAC-ın müxbirinə geniş məlumat verən “Etnoqrafik Tədqiqatlara Dəstək” İctimai Birliyinin sədr müavini, tarixçi Zümrüd Nuriyeva burada görülən işlərdən, aparılan tədqiqatlardan danışıb.
Onun sözlərinə görə, 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması tarixi şəhər mühitinin qorunmasına diqqəti artırıb. “Azərbaycan Mədəniyyəti - 2040” Mədəniyyət Konsepsiyası da milli-mədəni irsin qorunmasını və inkişafını uzunmüddətli mədəni siyasətin istiqamətlərindən biri kimi müəyyənləşdirir.
İctimai Birliyinin sədr müavini deyib ki, bu mənada “Xan məscidi” kompleksi bu iki istiqamətin Şəki nümunəsində kəsişdiyi məkanlardan biri kimi diqqət çəkir. Burada məscidin memarlığı ilə yanaşı, şəhərin keçmiş həyatına dair çoxsaylı izlər - sənətkarlıq nümunələri, geyimlər, məişət əşyaları və toxuculuq məhsulları qorunur.
Z.Nuriyevanın sözlərinə görə, uzun müddət təmirsiz vəziyyətdə qalan kompleks 2021-2022-ci illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunub. Bu gün kompleksdə fəaliyyət göstərən etnoqrafik muzey Şəki və ətraf ərazilərin maddi-mədəni irsini təqdim edir.
“Muzeyə daxil olduqda Şəkinin gündəlik həyatının müxtəlif cəhətləri ilə qarşılaşmaq mümkündür. Misgərlik və dulusçuluq nümunələri, zinət əşyaları, toxuculuq məhsulları və məişətdə istifadə olunan əşyalar vaxtilə insanların həyatının bir parçası olub. Bu gün isə onlar keçmişin necə yaşandığını təsəvvür etməyə imkan verir.
Ekspozisiyanın digər mərtəbəsində Şəkinin toxuculuq ənənələri ön plana çıxır. Kəlağayı, ləbbadə, çütbalaq-çaxçur, təkəlduz və müxtəlif məişət nümunələri bölgənin yalnız estetik zövqünü deyil, gündəlik həyatını da əks etdirir. Məsələn, ədviyyatların saxlanılması üçün hazırlanmış qurama qablar və “makrame” üsulu ilə işlənmiş pərdətutan kimi əşyalar keçmiş məişətin xırda, lakin maraqlı detallarını bu günə çatdırır.
Bu nümunələr arasında təkəlduz xüsusi yer tutur. Z.Nuriyevanın sözlərinə görə, bu sənət bu gün daha çox qadın sənətkarlığı ilə əlaqələndirilsə də, tarixən onunla kişilər də məşğul olublar. XVIII-XIX əsrlərdə Şəkidə təkəlduz dükanlarının fəaliyyət göstərməsi sənətin bölgədəki mövqeyini göstərən faktlardan biridir.
Təkəlduzun dəyəri yalnız incə işlənməsində deyil. Naxışlar müəyyən mənalar da daşıyırdı: quş təsvirləri azadlıq arzusunu, tərs buta sıxıntını, cüt buta sevgi və məhəbbəti ifadə edirdi. Beləliklə, parça üzərindəki ornamentlər bir dövrün düşüncə tərzindən xəbər verirdi.
Sənətin başqa bir xüsusiyyəti onun nəsildən-nəslə ötürülməsidir. Rzaqulu Tağızadə, onun qızı Möhtərəm Ağahüseynzadə və nəvəsi Səxavət Əkbərovanın yaradıcılığı təkəlduzun ailə yaddaşı vasitəsilə yaşadılmasına nümunədir”,-deyə o bildirib.
Kompleksin yaddaşında sənətkarlıqla yanaşı, Şəki xanlığının siyasi tarixinə aid izlər də qorunur. Buradakı diqqətçəkən eksponatlardan biri xanlığın döyüş bayrağıdır. Z.Nuriyevanın verdiyi məlumata görə, bayrağın tarixi Hindistandan Şəkiyə qədər uzanır.
“Kompleksin tarixi qatlarından biri də Şəki xanı Məhəmmədhüseyn xan Müştaqla bağlıdır. Məscidin əsaslı təmiri zamanı onun nəşinin və ona aid bəzi əşyaların aşkar edilməsi məkanın tarixinin öyrənilməsi baxımından maraqlı tapıntılardan biri olub. Xan nəslinə aid məzarların qorunduğu qəbiristanlıq da bu tarixi mühitin bir hissəsidir.
Bütün bunlar göstərir ki, tarixi memarlıq abidəsinin dəyəri yalnız onun görünüşü ilə ölçülmür. Tikilinin ətrafında formalaşmış məişət, sənətkarlıq və insan hekayələri həmin məkanı canlı mədəni yaddaşa çevirir.
Şəkinin tarixi mühitinin qorunması da məhz bu bütövlükdə əhəmiyyət qazanır. Memarlıq abidəsini yaşatmaq onun divarlarını qorumaqla bitmir; həmin məkanın daşıdığı ənənələri, sənət nümunələrini və yaddaşı da gələcəyə çatdırmaq lazımdır. “Xan məscidi” kompleksi bu baxımdan Şəkinin keçmişini yalnız göstərən deyil, onu bu günə bağlayan məkanlardan biridir”,-deyə tarixçi qeyd edib.
Müxbir - Lalə Minasazova