AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb
Bakı, 2 oktyabr, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, bu laboratoriya strateji əhəmiyyətli bina və qurğuların texniki vəziyyətini real vaxt rejimində izləməyə, konstruksiyalarda baş verə biləcək dəyişiklikləri erkən mərhələdə müəyyənləşdirməyə imkan verir.
Laboratoriyanın əsas üstünlüklərindən biri bina və qurğuların vəziyyətinin sutkanın 24 saatı, həftənin 7 günü fasiləsiz monitorinq edilməsidir. Bu məqsədlə Cənubi Qafqazın ən hündür binası kimi təqdim olunan “Baku Tower”də Qurğusal Seysmik Monitorinq Sistemi quraşdırılıb. Hazırda bina laboratoriya vasitəsilə fasiləsiz izlənilir və əldə olunan məlumatlar təhlil edilir.
Sistem binanın ilkin ölçmələr zamanı müəyyən edilmiş texniki və dinamik göstəricilərini sonrakı monitorinq nəticələri ilə müqayisə etməyə imkan verir. Başqa sözlə, laboratoriya binanın bir növ “nəbzini” daim izləyir. Konstruksiyanın davranışında normadan kənar dəyişiklik aşkarlandıqda onun səbəblərinin araşdırılması və vaxtında müvafiq mühəndislik tədbirlərinin görülməsi mümkün olur.
Laboratoriya, həmçinin Səyyar Qurğusal Seysmik Monitorinq Sistemi ilə təchiz edilib. Mobil sistem vasitəsilə müxtəlif bina və qurğularda birbaşa yerində ölçmələr aparmaq, onların konstruktiv vəziyyətini tikiliyə zərər vermədən qiymətləndirmək mümkündür.
Bundan əlavə, laboratoriyada binaların daşıyıcı konstruksiyalarının texniki vəziyyətini təxribatsız üsullarla müəyyən edən müasir cihazlar mövcuddur. Bu avadanlıqlar betonun möhkəmliyini, armaturun yerləşməsini və digər parametrlərini, betonun qoruyucu təbəqəsinin vəziyyətini, eləcə də armaturda korroziya proseslərini qiymətləndirməyə imkan yaradır.
Yeni laboratoriyanın fəaliyyəti yalnız zəlzələdən sonra binaların vəziyyətinin yoxlanılması ilə məhdudlaşmır. Burada toplanan məlumatlar müasir elmi-mühəndislik metodları əsasında təhlil olunur, hər bir binanın faktiki davranışını əks etdirən eksperimental modeli hazırlanır və onun texniki vəziyyətinin dəyişmə tarixçəsi formalaşdırılır.
Bu yanaşma konstruksiyalarda yarana biləcək problemləri erkən mərhələdə müəyyənləşdirməyə, qabaqlayıcı tədbirlər görməyə, binaların təhlükəsiz istismar müddətini uzatmağa və təmir-bərpa xərclərini optimallaşdırmağa xidmət edir.
Laboratoriyanın texnoloji imkanları dünyanın müxtəlif ölkələrində yerləşən bina və qurğuların da məsafədən monitorinqinə şərait yaradır. Bu isə AzMİU-nun beynəlxalq elmi-tədqiqat və mühəndislik layihələrində iştirak imkanlarını genişləndirir.
Yeni laboratoriya universitetdə aparılan elmi tədqiqatların inkişafı ilə yanaşı, tələbə və gənc tədqiqatçıların müasir seysmik monitorinq texnologiyalarına yiyələnməsi, nəzəri biliklərin praktiki tətbiqi və yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanması baxımından da əhəmiyyət daşıyır.
Müxbir – Tünzalə Arazlı