Baş direktor: TUSAŞ Azərbaycanda PUA istehsalı məsələsini müzakirə edir
Şanlıurfa, 2 oktyabr, AZƏRTAC
Türkiyənin müdafiə sənayesinin əsas müəssisələrindən biri olan TUSAŞ Azərbaycanda pilotsuz uçuş aparatları (PUA) istehsalının qurulmasını müzakirə edir. Bu, Türkiyə istehsalı olan SÜPER ŞİMŞEK, ŞİMŞEK və ya AYAZ dronlarının seriyalı istehsalı ilə bağlı ola bilər və qardaş ölkə ilə müzakirə olunan məsələlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu bildirib.
O, TUSAŞ-ın Türkiyə ilə Azərbaycan arasında müdafiə əməkdaşlığının genişləndirilməsinə maksimum töhfə verməyə sadiq olduğunu deyib.
Baş direktor HÜRKUŞ təyyarələrinin Azərbaycana tədarükü ilə bağlı xatırladıb ki, ölkəmizə 14 təyyarənin tədarükü üçün müqavilə imzalanıb. O əlavə edib: “Bu gün Türkiyənin müdafiə sənayesi ehtiyaclarını ödəmək artıq bizim üçün kifayət deyil. Biz, həmçinin qardaş dövlətlərimizin müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verməyə çalışırıq.
Qardaş Azərbaycana HÜRKUŞ təyyarələrinin tədarükü ilə bağlı müqavilə buna bariz nümunədir. Ümid edirəm ki, bu müqavilədən sonra daha çox təyyarə istehsal olunacaq”.
Baş direktorun sözlərinə görə, Azərbaycana təyyarə tədarükünün sürətli templə davam etdirilməsi planlaşdırılır.