Şirvan şəhərində vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib
Bakı, 2 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər. Oktyabrın 2-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov Şirvan şəhərində - Şirvan şəhəri, Hacıqabul, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib.
Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, DGK sədri qəbuldan öncə Şirvan şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Şirvan şəhəri, Hacıqabul, Saatlı və Sabirabad rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.