Suriyaya müdafiə xarakterli məhsulların ixracı ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb
Qahirə, 2 oktyabr, AZƏRTAC
Amerika Birləşmiş Ştatları (ABŞ) Suriyanı müdafiə sənayesi məhsullarının ticarəti üzrə məhdudiyyətlərin tətbiq olunduğu ölkələr siyahısından çıxarıb.
AZƏRTAC “SANA” informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentinin açıqladığı yeni qaydalara əsasən, Suriyaya müdafiə xarakterli məhsul və xidmətlərin ixracı və idxalı ilə bağlı müraciətlər artıq avtomatik şəkildə rədd edilməyəcək. Oktyabrın 1-dən qüvvəyə minən dəyişikliklə müraciətlər hər bir hal üzrə ayrıca nəzərdən keçiriləcək və lisenziyalaşdırılacaq.
Dəyişiklik ABŞ Dövlət katibinin 2026-cı il avqustun 19-da Suriya ilə müdafiə ticarətinə dair yeni siyasəti təsdiqləməsindən sonra qəbul edilib.
Bununla Suriya ABŞ-nin Beynəlxalq Silah Ticarəti Qaydalarının (ITAR) 126.1-ci maddəsi üzrə ümumi rədd siyasətinin tətbiq edildiyi ölkələr siyahısından çıxarılıb.
ABŞ Dövlət Departamenti bildirib ki, qərarın qəbuluna Suriyaya qarşı əvvəlki məhdudiyyətlərin hüquqi əsaslarının aradan qaldırılması və digər qanunlar çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlərin ləğvi və ya onlardan azadolmaların əldə edilməsi imkan yaradıb.
Suriyanın çıxarılmasından sonra siyahıda Belarus, Myanma, Çin, Kuba, İran, Şimali Koreya və Venesuela qalır.
ABŞ administrasiyası bildirib ki, yeni qaydalar Suriya ilə müdafiə ticarətinə dair bəzi məhdudiyyətləri aradan qaldıracaq, lakin ixrac və idxal məsələləri bundan sonra da ayrıca lisenziya prosesindən keçəcək.