Tələbələr arasında antinarkotik təbliğatı gücləndirilir
Bakı, 2 oktyabr, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə əsasən, tələbələrin arasında antinarkotik təbliğatını gücləndirmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə “Gənclər narkomaniyaya qarşı: Sağlam seçim, sağlam gələcək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, tədbirdə universitetin rektorunun müşaviri, İngilis-fransız dilləri fakultəsinin dekanı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Azərbaycan Milli Antidopinq Agentliyinin, Bakı şəhər Narkoloji Mərkəzinin nümayəndələri, o cümlədən tələbələr iştirak ediblər.
Tədbirin məqsədi tələbələrin narkotiklərin zərərləri və risk faktorları haqqında məlumatlılığını artırmaq, onların öz sağlamlığına və gələcəyinə məsuliyyətli münasibətini formalaşdırmaq, təhlükəsiz davranış vərdişlərini təşviq etmək olub.
Mövzu ətrafında çıxış edən aidiyyəti qurumların nümayəndələri narkomaniyanın insan sağlamlığına törətdiyi mənfi fəsadları, psixoloji duruma və sosial mühitə göstərdiyi təsirlərindən geniş bəhs ediblər.
Eyni zamanda, qadağan olunmuş maddə və üsullardan istifadəyə qarşı aparılan mübarizə barədə qanunvericiliyin tələblərinin izah edilməsi, sosial və hüquqi fəsadlar, habelə qadağan olunmuş maddə və üsullardan istifadəyə qarşı aparılan mübarizə barədə, o cümlədən bu cür vasitələrdən istifadə həm vətəndaş, həm də idmançı statusunda müvafiq hüquqi məsuliyyətə səbəb olduğuna dair ətraflı məlumat verilib. Həmçinin hüquq mühafizə orqanları tərəfindən aparılan əməliyyat axtarış tədbirləri, mövcud qanunvericilik mexanizmləri, rəqəmsal mühitdə narkotik riskləri, habelə narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin fiziki və psixi sağlamlığa mənfi təsiri, narkotik asılılığının formalaşma mərhələləri, profilaktik tədbirlərin əhəmiyyəti, gənclərin sağlam həyat tərzinə təşviqi və onların asudə vaxtının səmərəli təşkili məsələlərinə toxunulub.
Diskussiya şəkilində davam edən tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb, habelə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi, gənclərin bu sahədə məlumatlılığının artırılması və risk qruplarına qarşı vaxtında profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Sonda Dövlət Komissiyasının daim fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Sən bunlara hazırsan?”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” və “Məlumatlı ol, cinayət törətmə” adlı yeni təbliğat materiallarının tələbələr paylanılması təmin olunub.