“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir VİDEO
Bakı, 2 oktyabr, AZƏRTAC
“ADEX 2026”da biz öz yaratdığımız kəşfiyyat və zərbə PUA-larını nümayiş etdiririk. PUA-lar tam avtonomdur və mürəkkəb şəraitlərdə, GPS-in, kommunikasiyanın olmadığı mühitlərdə başqa PUA-lardan fərqli olaraq hədəfləmə, kəşfiyyat və zərbə əməliyyatlarını tam olaraq avtonom yerinə yetirir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Synapline Technologies" şirkətinin həmtəsisçisi və direktoru Bəkir Quliyev deyib.
"ADEX 2026”da biz ən yeni həllərimizi, texnologiyamızı nümayiş etdiririk. Hazırladığımız ortamənzilli elektrik PUA sınaqlardan uğurla keçib. Əsasən də hibrid, uzaqmənzilli, çox uçan, 10 saata yaxın havada qala bilən və həm kəşfiyyat, həm də zərbə əməliyyatları üçün nəzərdə tutulan PUA-dır. PUA-nın unikallığı onun GPS-siz "antijamming", "antispoofing" aldatmağa və qarışdırmağa qarşı olan xüsusiyyətləridir. Bundan savayı da dronun üzərindən avtonom özü tuşlanan balaca, nisbətən ucuz raketlər buraxmaq olar. Yəni dron həm kəşfiyyat, həm zərbə əməliyyatlarını yerinə yetirə bilir".