Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir
Bakı, 3 oktyabr, AZƏRTAC
1993-cü il oktyabrın 3-də Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi ölkəmizin müasir tarixində mühüm siyasi mərhələnin başlanğıcı olub. Bu seçim yalnız dövlət başçısının müəyyənləşdirilməsi deyil, Azərbaycanın dövlətçiliyinin qorunması, möhkəmləndirilməsi və gələcək inkişaf istiqamətinin müəyyən edilməsi baxımından tarixi əhəmiyyət daşıyan hadisə idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ilə Azərbaycanın qarşısında duran ən mühüm vəzifələrdən biri – müstəqil dövlətin təməllərini möhkəmləndirmək istiqamətində ardıcıl siyasət həyata keçirilib. Ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi, dövlət institutlarının gücləndirilməsi, ordu quruculuğunun əsaslarının formalaşdırılması və hüquqi dövlət prinsiplərinin inkişaf etdirilməsi həmin siyasətin mühüm istiqamətlərini təşkil edib.
“Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin mühüm xüsusiyyətlərindən biri Azərbaycanın milli maraqlarını beynəlxalq münasibətlər sistemində ardıcıl və praqmatik şəkildə müdafiə edən xarici siyasət xəttinin formalaşdırılması idi. Azərbaycanın dünya birliyində mövqelərinin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi və ölkəmizin ərazi bütövlüyü məsələsinin beynəlxalq gündəmdə saxlanılması Ulu Öndərin həyata keçirdiyi xarici siyasətin mühüm nəticələri sırasında yer alıb. Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası yalnız həmin dövrün problemlərinin həllinə deyil, Azərbaycanın gələcək gücünün formalaşdırılmasına hesablanmışdı. “Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyası, ölkənin beynəlxalq enerji və nəqliyyat layihələrinə inteqrasiyası Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün mühüm imkanlar yaradıb”, - deyə T.Gəncəliyev bildirib
O qeyd edib ki,1995-ci ildə Konstitusiyanın qəbul olunması, dövlət quruculuğunun hüquqi əsaslarının formalaşdırılması, azərbaycançılıq ideologiyasının dövlətçilik düşüncəsinin mühüm dayağına çevrilməsi də Heydər Əliyev siyasi irsinin əsas istiqamətlərindəndir.
“Ulu Öndərin Azərbaycana ən böyük töhfələrindən biri müstəqilliyin sadəcə əldə edilmiş siyasi status kimi deyil, qorunmalı, gücləndirilməli və gələcək nəsillərə daha qüdrətli şəkildə ötürülməli milli sərvət kimi qəbul edilməsinə nail olmasıdır. Bu gün Azərbaycanın dövlətçilik modelində, beynəlxalq mövqeyində, iqtisadi potensialında və milli inkişaf konsepsiyasında Heydər Əliyev siyasi irsinin mühüm izləri görünür. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası Azərbaycanın müasir inkişaf tarixinin mühüm siyasi dayaqlarından biri olaraq qalır.
3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindən biridir”, – deyən Milli Məclisin deputatı fikirlərini yekunlaşdırıb.
Müxbir - Səbinə Əlizadə