Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH
Bakı, 3 oktyabr, AZƏRTAC
1993-cü il Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi olmaqla yanaşı, müstəqilliyimizin real məzmun qazanması baxımından həlledici mərhələnin başlanğıcıdır. 1993-cü il oktyabrın 3-də Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkənin qarşısında duran əsas vəzifə – müstəqil dövlətçiliyin qorunması, siyasi sabitliyin təmin edilməsi, iqtisadi potensialın səfərbər olunması və milli maraqlara əsaslanan xarici siyasət kursunun formalaşdırılması istiqamətində fundamental proses başladı. Heydər Əliyevin hakimiyyətə qayıdışı dövründə Azərbaycan ciddi siyasi və iqtisadi böhran, dövlət idarəçiliyinin zəifləməsi, separatizm və vətəndaş qarşıdurması təhlükəsi ilə üz-üzə idi. Bu mürəkkəb şəraitdə, ilk növbədə, dövlət hakimiyyətinin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərpası və qanunun aliliyinin təmin olunması istiqamətində ardıcıl addımlar atıldı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.
O bildirib ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin mühüm xüsusiyyətlərindən biri də siyasi suverenliklə iqtisadi suverenliyin bir-birindən ayrılmaz olması idi: “Güclü iqtisadiyyat olmadan güclü dövlət qurmaq, iqtisadi müstəqillik olmadan isə xarici siyasətdə müstəqil qərarlar qəbul etmək mümkün deyil. Bu baxımdan neft strategiyasının formalaşdırılması, xarici investisiyaların cəlb edilməsi, enerji resurslarının dünya bazarlarına çıxarılması və Azərbaycanın beynəlxalq nəqliyyat-kommunikasiya layihələrinə inteqrasiyası uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsinə çevrildi. Bu siyasətin mühüm nəticələrindən biri Azərbaycanın beynəlxalq sistemdə özünəməxsus mövqeyinin formalaşması oldu”.
R.Nəbiyevin sözlərinə görə, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultaylarında və digər çıxışlarında dəfələrlə vurğuladığı kimi, Heydər Əliyev siyasi kursunun davam etdirilməsi Azərbaycanın qarşısında duran strateji məqsədlərin həyata keçirilməsinin əsas şərtlərindən biridir: “Burada söhbət yalnız siyasi ənənənin davam etdirilməsindən getmir. Hədəf milli maraqların prioritetliyi, dövlət suverenliyinin qorunması, güclü iqtisadiyyatın yaradılması, milli təhlükəsizliyin təmin edilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin ardıcıl şəkildə möhkəmləndirilməsindən ibarət bütöv dövlətçilik fəlsəfəsindən gedir. Azərbaycanın müasir inkişaf mərhələsində siyasi suverenlik anlayışı daha geniş məzmun kəsb edir. Ərazi bütövlüyünün və suverenliyin bərpası ilə yanaşı, ölkənin öz milli maraqlarına uyğun qərarlar qəbul etmək, iqtisadi və enerji siyasətini müstəqil müəyyənləşdirmək, regional və qlobal proseslərdə fəal iştirak etmək imkanları da bu anlayışın mühüm elementləridir. Prezident İlham Əliyevin müxtəlif beynəlxalq platformalarda çıxışlarında Azərbaycanın “müstəqil siyasət yürüdən dövlət” kimi təqdim edilməsi məhz bu reallığa əsaslanır”.
Deputat vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev dövrünün xarici siyasətinin digər mühüm istiqaməti Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranmış vəziyyətin beynəlxalq ictimaiyyətə çatdırılması və Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüququn fundamental prinsipləri əsasında bərpası idi: “Bu istiqamətdə formalaşdırılan diplomatik və siyasi xətt sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən daha da sistemli şəkildə davam etdirildi. Nəticədə Azərbaycan məsələni yalnız ikitərəfli müstəvidə deyil, beynəlxalq təşkilatlarda, müxtəlif siyasi və diplomatik platformalarda ardıcıl şəkildə gündəmdə saxladı. 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası və 2023-cü ildə suverenliyin tam təmin edilməsi bu uzunmüddətli dövlət siyasətinin mühüm nəticələrindən biri kimi qəbul olunur”.
O qeyd edib ki, bu gün Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəmləndirilməsi prosesinə məhz bu tarixi davamlılıq kontekstində yanaşmaq lazımdır. 1993-cü ildə dövlətçiliyin qorunması ilə başlayan proses sonrakı mərhələlərdə iqtisadi gücün yaradılması, beynəlxalq mövqelərin möhkəmləndirilməsi, ərazi bütövlüyünün və suverenliyin bərpası ilə yeni məzmun qazanıb. Beləliklə, 1993-cü il Azərbaycanın milli qurtuluş mərhələsinin başlanğıcı idisə, bu gün həmin dövlətçilik xətti Azərbaycanın regional və beynəlxalq miqyasda daha güclü, daha müstəqil və daha təsirli dövlət kimi mövqeyinin möhkəmləndirilməsi mərhələsində davam edir. Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının yeni tarixi şəraitə uyğun şəkildə davam etdirilməsi olub.
“Prezident İlham Əliyevin xarici siyasətində də Heydər Əliyevin müəyyən etdiyi milli maraqlara əsaslanan, balanslaşdırılmış və müstəqil siyasət xətti davam etdirilir. Azərbaycanın enerji, nəqliyyat, logistika və regional əməkdaşlıq layihələrində fəal iştirakı onun geoiqtisadi əhəmiyyətini artırmaqla yanaşı, siyasi müstəqillik üçün əlavə imkanlar yaradıb” , - deyə Rizvan Nəbiyev əlavə edib.