Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur
Berlin, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də alman xalqı ölkənin yenidən birləşməsinin 36-cı ildönümünü - Alman Birliyi Gününü qeyd edir.
AZƏRTAC xəbər verir ki, bayram günü münasibətilə ölkənin bütün ərazisində ümumilikdə 750-dən çox tədbir - festivallar, incəsənət sərgiləri, konsertlər və sair təşkil olunub.
Alman Birliyi Günü münasibətilə keçirilən əsas tədbirlər hər il Bundesrata – Əyalətlərin Təmsilçiləri Şurasına sədrlik edən federal əyalətdə keçirilir. Bu il rəsmi tədbirlər Bremendə təşkil olunub. Bremen “Çoxsaylı güclü tərəflər - vahid ölkə” devizi altında üç gün ərzində silsilə bayram tədbirlərinə ev sahibliyi etməkdədir. Bu şəhərdə daha əvvəl iki dəfə - 1994-cü və 2010-cu illərdə bu cür tədbirlər keçirilib.
Almaniya Kansleri Fridrix Mers bayram münasibətilə X platformasında paylaşım edərək bildirib: “Cəsarətli insanların nəyə nail ola biləcəyini Alman Birliyi nümayiş etdirir. Bu, həm bir vəd, həm də bir məsuliyyətdir: ölkəmizi bir yerdə tutur, azadlığımızı qoruyur və gələcək nəsillərin də vahid Almaniyada rifah içində yaşamasını təmin edirik”.
Alman Birliyi Günü 1990-cı ildə Qərbi və Şərqi Almaniyanın rəsmi olaraq yenidən birləşməsinin şərəfinə qeyd olunur. Bu gün ölkənin müasir tarixində ən mühüm dönüş nöqtəsi hesab edilir. Birlik Günü təkcə siyasi hadisə deyil, həm də azadlıq, demokratiya və birgəyaşayış dəyərlərinin təsdiqi hesab olunur. Alman Birliyi Gününün siyasi əhəmiyyəti Almaniyanın yenidən birləşməsi ilə yanaşı, Avropa və qlobal səviyyədə siyasi sabitliyin möhkəmlənməsinə verdiyi töhfə ilə də bağlıdır. Belə ki, bu gün Almaniya tarixində Şərq ilə Qərb arasında uzun illər davam etmiş ideoloji parçalanmanın aradan qalxması və demokratik sistemin bütövlükdə ölkəyə şamil olunması demək idi. Bu gün həm də Almaniyanın Avropa İttifaqında aparıcı mövqeyinin formalaşması, Avro-Atlantik məkanda birliyinin güclənməsi və azadlıq ideallarının qorunması baxımından mühüm simvol kimi dəyərləndirilir. Milli Birlik Günü siyasi mənada həm alman xalqının həmrəyliyini, həm də Almaniyanın beynəlxalq müstəvidə sabitliyə və əməkdaşlığa verdiyi önəmi təcəssüm etdirir.