Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH
Bakı, 3 oktyabr, AZƏRTAC
3 oktyabr Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Həmin dövrdə Azərbaycan ağır siyasi, iqtisadi və hərbi böhranla üz-üzə idi. 1991-ci ildə dövlət müstəqilliyini elan edən Azərbaycan müstəqil dövlətçilik institutlarını tam formalaşdıra bilməmiş, ölkədə iqtisadi münasibətlər pozulmuş, iqtisadi tənəzzül dərinləşmiş, hərbi-siyasi qarşıdurma güclənmiş və ölkənin parçalanması təhlükəsi yaranmışdı.
Bu barədə Milli Məclisin deputatı Musa Quliyev AZƏRTAC-a açıqlamasında bildirib.
M.Quliyev vurğulayıb ki, Heydər Əliyevin Prezident seçilməsindən sonra ölkənin ağır böhrandan çıxarılması istiqamətində mühüm addımlar atılıb.
“Ulu Öndər öz xalqına arxalanaraq, siyasi iradəsinə, dövlətçilik təfəkkürünə və cəsarətinə güvənərək Azərbaycanı bu ağır bəlalardan qurtardı”, – deyə deputat bildirib.
Musa Quliyev qeyd edib ki, Ümummilli Liderin ilk mühüm addımlarından biri ordunun vahid komandanlıq altında birləşdirilməsi olub. Eyni zamanda, ölkədə siyasi böhranın aradan qaldırılması, iqtisadi tənəzzülün qarşısının alınması və dövlət idarəçiliyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
Deputatın sözlərinə görə, 1994-cü il mayın 12-də Bişkek protokolu ilə Qarabağda döyüş əməliyyatlarının dayandırılması Azərbaycan üçün yeni mərhələnin başlanğıcını qoyub. Azərbaycan münaqişənin sülh müstəvisinə keçirilməsi ilə zaman qazanıb, dövlətçiliyin, iqtisadi və hərbi gücün möhkəmləndirilməsi istiqamətində mühüm imkanlar əldə edib.

1994-cü il sentyabrın 20-də Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi müstəqilliyinin əsaslarının formalaşdırılmasında mühüm rol oynayıb.
“Həmin illərdə dövlət çevrilişi və sui-qəsd cəhdləri ilə üzləşməsinə baxmayaraq, Heydər Əliyev siyasi iradəsi və xalqın dəstəyi ilə bu çətinliklərin öhdəsindən gəlib, ölkənin gələcək inkişafının əsaslarını yaradıb.
1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi dövlət quruculuğu prosesində mühüm mərhələ olub. Həmçinin torpaq və özəlləşdirmə islahatları nəticəsində iqtisadiyyatda sabitləşmə prosesi başlayıb və 1998-ci ildə iqtisadi tənəzzülün qarşısı alınıb”, - deyə deputat qeyd edib.
Musa Quliyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Azərbaycanın inkişafının ikinci mərhələsi başladı. Biz həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən gücləndik. Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə və dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların dövlət, bayraq və Vətən ətrafında birləşməsinə gətirib çıxardı. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatından sonra isə ölkənin bütün ərazisində suverenlik təmin edildi.
Bu nəticə Ümummilli Lider Heydər Əliyevin əsas arzularından birinin – Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının və üçrəngli bayrağın ölkənin bütün ərazisində dalğalanmasının reallaşması baxımından mühüm tarixi hadisədir.
Bu gün artıq Heydər Əliyevin ruhu şaddır ki, onun siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır”, – deyə Musa Quliyev fikirlərini yekunlaşdırıb.
Müxbir - Tünzalə Arazlı