Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir
Berlin, 3 oktyabr, AZƏRTAC
Drezden Saksoniya Əyalət və Universitet Kitabxanasında “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı simpoziumun keçirilməsi və dastanın yeni faksimilesinin təqdimatı çox mühüm hadisədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla media nümayəndələrinə müsahibəsində deyib.
Dastanın əlyazmasının Saksoniyanın Drezden şəhərində uzun illərdən bəri saxlanmasından söz açan akademik bildirib: “Dastanın orijinal variantı 1815-ci ildə Fridrix fon Dits tərəfindən çap olunub. Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə imzaladığı Sərəncamla dastanın çap olunmasının 200 illiyi qeyd edildi. Bununla da Drezden şəhərinə, Drezden kitabxanasına, alman alimlərinə dərin minnətdarlıq hissi ifadə olundu”.
Simpoziumda bir neçə ölkədən alimlərin iştirak etdiyini vurğulayan Kamal Abdulla deyib: “Bu tədbirdə iştirak etmək üçün bir neçə ölkədən Qorqudşünaslar buraya gəliblər. Azərbaycandan mənimlə birlikdə akademik Nizami Cəfərov, professor Muxtar İmanov və Cəlil Nağıyev, eləcə də digər Qorqudşünaslar tədbirdə iştirak edirlər. Simpoziumda Almaniya, Türkiyə və İtaliyadan və digər universitetlərdən alimlərin iştirakı ilə Azərbaycan, eləcə də alman elmi və mədəniyyəti üçün son dərəcə vacib müzakirələr aparıldı”.