Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb
London, 3 oktyabr, AZƏRTAC
Böyük Britaniyada iki İran vətəndaşı yəhudi icmasına qarşı terror aktı hazırlamaqda ittiham olunaraq London məhkəməsi qarşısına çıxarılıb.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, 34 yaşlı Rəhman Salehi və 36 yaşlı Salam Əhmədyan şənbə günü Vestminster Magistrat Məhkəməsində dindirilib. Prokurorluğun məlumatına görə, onlar İngiltərənin şimalında yerləşən yəhudi icmasına qarşı ev şəraitində hazırlanmış partlayıcı qurğudan istifadə etməklə hücum planlaşdırmaqda ittiham olunurlar.
Şübhəlilər sentyabrın 20-də, yəhudilərin ən müqəddəs dini günlərindən biri hesab olunan Yom Kippur gününün başlanğıcında saxlanılıblar. İttihama əsasən, həmin gün onlar Mançesterdə mümkün yəhudi hədəfləri ətrafında düşmən xarakterli müşahidələr aparıblar. Prokuror Mark Lakett məhkəmədə bildirib ki, mümkün hədəflər arasında Mançester Yəhudi Muzeyi və Heaton Park sinaqoqu da olub.
İttiham tərəfinin bildirdiyinə görə, hər iki şəxs Mançesterdə yəhudi icmasına qarşı terror aktlarının hazırlanmasında və əldəqayırma partlayıcı qurğudan istifadə etməyi planlaşdırmaqda şübhəli bilinir.
Prokurorluq, həmçinin onların hücumun planlaşdırılmasını istiqamətləndirdiyi və əlaqələndirdiyi iddia olunan üçüncü şəxslə təmasda olduqlarını bildirib. Həmin şəxsin partlayıcı qurğunun hazırlanmasına dair təlimatlar verdiyi iddia edilir.