Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
Bakı, 3 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında ideoloji məsələlərlə bağlı səsləndirdiyi fikirlər hər bir kəsin ürəyincə oldu.
Bir daha bu fikrə qayıtdıq ki, dövlətin sərhədlərini ordu ilə yanaşı, şüurla da qorumaq lazımdır. Fiziki sərhədlər silah işidir, mənəvi sərhədləri isə elm, təhsil və sağlam düşüncə müdafiə etməlidir.
Bunu AZƏRTAC-a açıqlamasında sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov deyib.
Onun sözlərinə görə, cəmiyyətin özəyini insan və ailə institutunun varlığı təşkil edir. İnsanı yanlışdan qoruyan isə biliyin əsasını yoxlamaq cəsarəti, şübhələrinin yəqinliyə gedən yol olduğunu qəbul etmək bacarığıdır. Çünki şübhəni inkar aləti kimi görməyəndə düşünürsən, düşünürsənsə, deməli, imanın da güclənir.
Hesab edirəm ki, sivilizasiyanın varlığını təkcə texnologiyada görmək doğru olmazdı. Sivilizasiya həm də anlayışlar və dünyagörüşü ilə yaşayır. Başqasının anlayış çərçivəsini, ideoloji skriptlərini sorğusuz qəbul edən cəmiyyət öz baxışını itirə bilər. “Yad təsirdən qorunmaq məsələsinə isə təcrid olunmaq kimi yanaşmaq da bizi düzgün çıxışa götürməyəcək. Bəs onda nə edək? Hər şeyi öz süzgəcimizdən keçirdikdən sonra qəbul edək. Təhlil aparaq ölçək ki, qlobal təsirlər bizə nə verir, bizdən nəyi alır. O zaman anlamış olarıq ki, modern savaşlar və təhdidlər çox vaxt top-tüfəng səsi ilə gəlmir. İnformasiya axınında və milli yaddaşı, özünüdərki zəiflədən narrativlərdə gizlənir və şüurlara hakim olmağa çalışır. Ən etibarlı müdafiə tarixinə, keçmişinə sahib çıxan, savadlı və təsir risklərini təhlil edə bilən insandır.
Torpağı qorumaq bir nəslin işidir, şüuru qorumaq isə hər nəslin. Torpağımızı qoruyanlar sağ olsunlar, onlar öz işlərindədirlər. Bəs cəmiyyət və ideoloji məsələlər, elm və təhsil səviyyəmiz, qlobal təsirlərə qarşı immunitetimiz nə yerdədir? Suallar çoxdur. Ona görə də düşünürəm ki, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər geniş müzakirə mövzularıdır. Ölkəmizdə əsl ziyalı sözünün eşidilməsinin, dəyər yaradan insanlara qiymət verilməsinin əsl vaxtıdır”, - deyə sənətşünaslıq üzrə fəlsəfə doktoru fikirlərini tamamlayıb.