Bakıda muzeylərin inklüzivlik və mədəniyyətlərarası dialoqda rolu müzakirə olunur VİDEO
Bakı, 28 oktyabr, AZƏRTAC
Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Muzeylər və irs müəssisələri inklüzivlik, dialoq və sosial həmrəylik üçün iştirakçı məkanlar kimi” mövzusunda panel müzakirəsi keçirilir.
AZƏRTAC xəbər verir ki, UNESCO və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə Heydər Əliyev Mərkəzində keçirilən paneldə muzeylərin və mədəni irs məkanlarının mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və sosial həmrəyliyin təşviqində rolu müzakirə olunur.
Tədbirdə akademik dairələrin nümayəndələrinin, mədəniyyət sahəsində çalışan mütəxəssislərin və siyasətçilərin iştirakı nəzərdə tutulur. Müzakirələrdə muzeylərin ənənəvi mühafizə və nümayiş funksiyalarından kənara çıxaraq müxtəlif icmaların təcrübələrini və baxışlarını əks etdirən, ictimai iştirakçılığı təşviq edən açıq məkanlara çevrilməsi məsələləri diqqət mərkəzindədir.
Tədbirin əsas məqsədi muzeylərin və mədəni irs məkanlarının inklüzivliyin, empatiyanın və dinc birgəyaşayışın təşviqində rolunu gücləndirmək, mədəniyyətlərarası dialoq prinsiplərinin mədəniyyət siyasətinə və idarəetmə mexanizmlərinə inteqrasiyasını təşviq etməkdir.