Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb
Qahirə, 3 oktyabr, AZƏRTAC
Efiopiyanın mərkəzi hakimiyyətinə qarşı qiyam qaldırmış Tiqray Xalq Azadlıq Cəbhəsinin döyüşçülərinin ölkənin şimalındakı Tiqray bölgəsinin paytaxtı Mekeleni tərk etdiyi bildirilir.
AZƏRTAC xarici mediaya istinadla bildirir ki, federal hökuməti dəstəkləyən “Tiqray Sülh Qüvvələri” Mekelenin əsas hava limanı olan Alula Aba Neqa Beynəlxalq Hava Limanına nəzarəti bərpa etdiyini açıqlayıb. Qrup “X” sosial şəbəkəsində yaydığı məlumatda şəhərin də nəzarətə götürülməsi istiqamətində əməliyyatların davam etdiyini bildirib.
Qeyd edək ki, sentyabrın 23-də Tiqray Xalq Azadlıq Cəbhəsinin Afar və Amhara bölgələrinə hücumlarından sonra şiddətli toqquşmalar başlayıb. Federal hökumət qüvvələri və onların müttəfiqləri hücumların qarşısını alaraq əks-hücuma keçib və Mekele istiqamətində irəliləyib.
Hazırkı qarşıdurma Efiopiyanın şimalında 2020-2022-ci illərdə baş vermiş və yüz minlərlə insanın həyatına son qoymuş vətəndaş müharibəsindən sonra ən ciddi gərginliklərdən biri kimi qiymətləndirilir. Yeni döyüşlər ölkədə genişmiqyaslı münaqişənin yenidən alovlanması və qarşıdurmanın regiona yayılması ilə bağlı narahatlıqları artırıb.