Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib
Paris, 4 oktyabr, AZƏRTAC
Fransanın Tur şəhərində liseylərin blokadası zamanı yaralanan 16 yaşlı şagird sağ gözünün görmə qabiliyyətini itirib. Məhkəmə-tibbi ekspertizanın nəticələrinə görə, göz nahiyəsindəki xəsarətlər LBD tipli müdafiə gülləsinin zərbəsi ilə uyğun gəlir.
AZƏRTAC xəbər verir ki, Mael adlı yeniyetmə hələ də xəstəxanada müalicə olunur.
O, hadisə baş verən gün istintaqa cəlb edilən Milli Polis Baş Müfəttişliyi (IGPN) tərəfindən xəstəxanada dindirilib.
Hadisə lisey şagirdlərinin etirazları çərçivəsində baş verən və polis müdaxilələri ilə bağlı bir sıra ciddi xəsarətlərin qeydə alındığı dövrə təsadüf edir. Tur şəhərindəki hadisə üzrə araşdırma davam edir.
Val-d’Uaz departamentinin Arjantey şəhərində də oktyabrın 1-də 16 yaşlı başqa bir yeniyetmə nümayiş zamanı gözündən yaralanıb. Ona polis tərəfindən LBD ilə atəş açıldığı bildirilir. Pontuaz prokurorluğu hadisə ilə bağlı IGPN-ə həvalə edilmiş araşdırma başladıb.
Həmin departamentin Sen-Uen-l’Omon şəhərində isə 14 yaşlı yeniyetmə çənəsinin ikiqat sınığı və çoxsaylı diş sınıqları ilə üzləşib. Ailəsinin və vəkilinin sözlərinə görə, ona çox yaxın məsafədən polis tərəfindən LBD ilə atəş açılıb. Bu hadisə də araşdırılır.
Fransa Milli Təhsil Nazirliyinin məlumatına görə, lisey şagirdlərinin etirazları başlayandan bəri 170 şagird xəsarət alıb. Hazırkı hadisələr 2018–2019-cu illərdə “Sarı jiletlilər” hərəkatı zamanı baş verən xəsarətləri də xatırladır. Həmin dövrdə təxminən 30 nümayişçi, əsasən LBD atəşləri nəticəsində bir gözünün görmə qabiliyyətini itirmişdi.