bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO
Bakı, 5 oktyabr, AZƏRTAC
“Şahdəniz” yatağından ilk qazın hasilatı 2006-cı ildə baş verib və bu il biz “Şahdəniz”dən qaz hasilatının 20-ci ildönümünü qeyd edirik. Buna baxmayaraq, “Şahdəniz”dəki hasilat rəqəmləri kifayət qədər yüksəkdir və bu, bir müddət təbii ki, davam edəcək.
Bunu AZƏRTAC-a müsahibəsi zamanı bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
O vurğulayıb ki, “Şahdəniz” quyuları, eyni zamanda, bp-nin ən məhsuldar quyuları sırasındadır.
“Bu gün bp-nin dünya üzrə ən yüksək hasilat göstəricisinə malik olan 20 quyusundan 17-si “Şahdəniz” yatağındadır. Yəni yatağın ehtiyatları həddindən ziyadə güclüdür, yüksəkdir və biz də həmin o yüksək ehtiyatların maksimal dərəcədə effektivliklə hasilatına nail olmağa çalışırıq. “Şahdəniz” layihəsi Azərbaycanın qaz ixrac potensialında xüsusi əhəmiyyətə və rola malik olan bir yataqdır. 2026-cı ilin ikinci rübünün sonuna “Şahdəniz” yatağında ümumilikdə 34 quyu fəaliyyət göstərib. Onlardan “Şahdəniz 1” çərçivəsində 11, “Şahdəniz 2” çərçivəsində 23 quyu qazılıb və bu quyulardan 32-si artıq hasilat mərhələsində idi”, - deyə bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti vurğulayıb.
Müsahibənin tam versiyası az sonra AZƏRTAC-da dərc olunacaq.