Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim
Bakı, 5 oktyabr, AZƏRTAC
Filologiya üzrə fəlsəfə doktoru Xanım Qasımova Bakı şəhəri Nizami rayonu Ə.Mahmudov adına 220 nömrəli məktəb-liseydə Azərbaycan dili və ədəbiyyatı müəllimidir. O, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, 2003–2024-cü illərdə 4, 5 və 7-ci siniflər üçün “Azərbaycan dili” dərsliklərinin və metodik vəsaitlərin müəlliflərindən biri olub. Xanım Qasımova AZƏRTAC-a müsahibəsində müasir müəllimin qarşısında dayanan vəzifələrdən, şagirdlərinə verdiyi tövsiyələrdən və illər sonra müəllim əməyinin nəticəsini görməyin yaratdığı hisslərdən danışıb.
“Mənim üçün müəllimlik yalnız peşə deyil, insan yetişdirmək məsuliyyətidir. Müəllim sinfə daxil olduğu andan şagirdə təkcə bilik vermir, onun düşüncəsinə, xarakterinə və gələcək seçimlərinə də təsir göstərir. Buna görə də müəllim öz sözünün, münasibətinin və davranışının şagirdə necə təsir edə biləcəyini hər zaman nəzərə almalıdır. Bu peşəni seçməyimdə uşaqlıqdan dilə və ədəbiyyata olan sevgim mühüm rol oynayıb. Ədəbiyyat mənə insanı anlamağı, fərqli düşüncələrə hörmətlə yanaşmağı öyrədib. Mənim üçün müəllim olmaq həm də oxuduqlarını, öyrəndiklərini və qazandığın təcrübəni növbəti nəslə ötürmək imkanıdır”, - deyə müsahibimiz qeyd edib.
Müsahibimizin sözlərinə görə, pedaqoji fəaliyyətində dünyagörüşünə təsir edən bir hadisə onun şagirdə münasibətini dəyişib: “Belə hadisələr çox olub. Amma müəllimliyə baxışımı ən çox dəyişən məqam şagirdlərdən birinin mənə verdiyi bu sual olub: “Müəllim, bəs insan səhv edəndə onun yaxşı tərəflərini görmək olmaz?”
Bu sual məni uzun müddət düşündürdü. O vaxta qədər şagirdin səhvini düzəltməyə, nəticəni yaxşılaşdırmağa daha çox diqqət yetirirdim. Həmin hadisədən sonra isə anladım ki, müəllim üçün əsas məsələ yalnız səhvi göstərmək deyil, şagirdin özünəinamını qorumaqdır. Çünki bəzən bir uşağın inkişafına mane olan onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır. Bu hadisə mənə öyrətdi ki, hər şagirdin daxilində görünməyən bir potensial var. Müəllimin vəzifəsi həmin potensialı vaxtında görmək, onu dəstəkləmək və şagirdə öz gücünə inanmağı öyrətməkdir. O gündən sonra dərslərdə yalnız düzgün cavaba deyil, şagirdin düşünmə cəhdinə də xüsusi əhəmiyyət verməyə başladım. Bəzən bir xoş söz, bir az səbir və diqqətlə dinləmək uşağın həyatında böyük dəyişiklik yarada bilər. Şagirdin səhvini görmək asandır, amma həmin səhvin arxasında dayanan səbəbi anlamaq və uşağa yenidən cəhd etmək üçün güc vermək müəllimdən daha böyük diqqət tələb edir”.
Xanım Qasımovanın fikrincə, bu gün müəllim olmaq əvvəlki illərlə müqayisədə daha böyük məsuliyyət tələb edir: “Şagirdlərin internetə, sosial şəbəkələrə və müxtəlif informasiya mənbələrinə çıxışı var. Buna görə müəllim yalnız bilik verən deyil, həm də düzgün məlumat seçməyi, düşünməyi və nəticə çıxarmağı öyrədən şəxsdir.
Müasir müəllim üçün ən vacib xüsusiyyət daim öyrənmək və yenilənməkdir. Müəllim özü inkişaf etmirsə, dəyişən dünyada şagirdin ehtiyaclarını anlamaq çətinləşir. Bununla yanaşı, səbir, ədalət, empatiya və şagirdi dinləmək bacarığı böyük əhəmiyyət daşıyır. Şagirdlərimə deyirəm ki, sual verməkdən çəkinməsinlər. Çünki inkişaf sual verməklə, axtarmaqla və səhvlərdən nəticə çıxarmaqla başlayır. İstəyirəm ki, şagirdlər yalnız qiymət almaq üçün deyil, həyatı anlamaq üçün öyrənsinlər.
Onlara tez-tez xatırladıram ki, bu gün qazandıqları bilik sabah onların ən böyük sərvətinə çevriləcək. Maddi imkanlar dəyişə bilər, amma insanın qazandığı bilik və formalaşdırdığı dünyagörüşü həmişə onunla qalır”.
Müsahibimizin fikrincə, müəllim əməyinin nəticəsi illər sonra daha aydın görünür: “Müəllim üçün ən böyük mükafat şagirdinin uğurunu görməkdir. Şagirdin yalnız yüksək nəticə göstərməsi deyil, yaxşı və məsuliyyətli insan kimi formalaşması da böyük uğurdur.
İllər ərzində müxtəlif sahələrdə uğur qazanan çoxsaylı şagirdlərim olub. Onların ali məktəblərə qəbul olması, seçdikləri peşələrdə irəliləməsi və illər sonra görüşərək “Müəllim, sizin dediyiniz bir söz mənə çox kömək etdi” deməsi mənim üçün ən qiymətli xatirələrdəndir.
Bəzən illər əvvəl dərs dediyiniz bir şagirdlə qarşılaşırsınız və onun artıq öz sahəsində uğur qazandığını görürsünüz. Həmin an anlayırsınız ki, müəllimin əməyinin nəticəsi yalnız dərsdə, qiymətdə və jurnalda görünmür. Müəllimin əsl nəticəsi illər sonra onun yetişdirdiyi insanların həyatında üzə çıxır”.
Müsahibimiz hesab edir ki, pedaqoq hər dərsdə gələcək üçün müəyyən iz qoyur. Bu peşənin dəyəri də məhz illər sonra həmin izlərin şagirdlərin həyatında görünməsi ilə ölçülür.
Müxbir - Nərmin Muradzadə