AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) Layihələrin idarə edilməsi kafedrasının baş müəllimi, iqtisad elmləri üzrə fəlsəfə doktoru İsa Muradovun rəhbərliyi ilə təqdim olunmuş “Postkonflikt dövrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əhalinin repatriasiyasının sosial-iqtisadi davamlılığının təmin olunmasının tədqiqi” adlı elmi-tədqiqat layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə Əsas Qrant Müsabiqəsinin qalibləri sırasında yer alıb.
Universitetdən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, layihənin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əhalinin doğma yurdlarına qayıdışının sosial-iqtisadi şərtlərini elmi əsaslarla qiymətləndirmək, dayanıqlı məskunlaşmaya təsir göstərən amilləri müəyyənləşdirmək və geri qayıdan əhalinin məşğulluğunu, sosial rifahını və yerli iqtisadi həyata inteqrasiyasını dəstəkləyən elmi-praktiki tövsiyələr hazırlamaqdır.
Layihənin nəticələri təkcə Qarabağ və Şərqi Zəngəzur üçün deyil, bütövlükdə Azərbaycanda ərazi bərpasının, məskunlaşmanın və dayanıqlı regional inkişafın elmi əsaslarla planlaşdırılması baxımından əhəmiyyət daşıyır. Tədqiqat əhalinin qayıdışı ilə yaşayış şəraitinin, iqtisadi imkanların və sosial xidmətlərin inkişafı arasındakı əlaqələri qiymətləndirməyə yönələcək.
Qrant layihəsi Azərbaycan Memarlıq və İnşaat Universitetində ərazi planlaşdırılması, yaşayış mühitinin təşkili, infrastruktur və sosial-iqtisadi inkişaf məsələlərini əlaqəli şəkildə araşdırmaq üçün yeni imkanlar yaradır. Layihənin mövzusu memarlıq, şəhərsalma, tikinti və iqtisadiyyat sahələrinin yanaşmalarını birləşdirərək postkonflikt ərazilərin bərpasına və əhalinin dayanıqlı məskunlaşmasına kompleks elmi baxış formalaşdırmağa imkan verir.
Elm Fondunun qrant müsabiqəsində əldə olunan bu nəticə universitetin elmi potensialının ölkənin aktual sosial-iqtisadi və regional inkişaf məsələlərinin həllinə yönəldilməsi baxımından mühüm addımdır. Layihə, həmçinin tədqiqat nəticələrinin praktik qərarların hazırlanmasında istifadəsi və aidiyyəti qurumlarla elmi əməkdaşlığın inkişafı üçün imkanlar açır. Layihənin yekununda əhalinin repatriasiyasının sosial-iqtisadi davamlılığını dəstəkləyən yanaşmaların, elmi nəticələrin və praktiki tövsiyələrin hazırlanması nəzərdə tutulur. Əldə ediləcək nəticələrin aidiyyəti qurumlar üçün faydalı elmi baza yaratması və beynəlxalq elmi mühitdə təqdim olunması hədəflənir. Bununla da layihə Qarabağ və Şərqi Zəngəzurda qayıdış prosesinin davamlılığına və regionların uzunmüddətli sosial-iqtisadi inkişafına töhfə verməyi qarşıya məqsəd qoyur.
Müxbir – Tünzalə Arazlı