Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov
Bakı, 5 oktyabr, AZƏRTAC
Ali məktəbdə müəllimin əsas vəzifəsi tələbəyə yalnız nəzəri biliklər verməklə məhdudlaşmır. Müəllim eyni zamanda gəncin elmi dünyagörüşünün formalaşmasına, müstəqil düşünməsinə və gələcək peşə istiqamətini müəyyənləşdirməsinə təsir göstərir.
Bu fikirləri 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə AZƏRTAC-a açıqlamasında biologiya üzrə mütəxəssis, professor Ramazan Məmmədov deyib.
Professor qeyd edib ki, müəllimin əsas missiyası tələbəyə yalnız hazır bilikləri çatdırmaq deyil, onu düşünməyə, sual verməyə, araşdırmağa və müstəqil nəticə çıxarmağa sövq etməkdir. Onun sözlərinə görə, ali məktəbdə dərs deyən müəllim tələbənin fərdi maraq və qabiliyyətlərini nəzərə almalı, elmə meyilli gəncləri vaxtında müəyyənləşdirərək onların inkişafına dəstək göstərməlidir. R.Məmmədov vurğulayıb ki, tələbələr arasında gələcək alimləri görmək müəllimin mühüm vəzifələrindən biridir. Müəllim tələbənin yalnız dərsdəki nəticəsini deyil, onun elmə marağını, araşdırma həvəsini və yeni suallar vermək bacarığını da qiymətləndirməlidir. Tələbənin hər hansı mövzuya xüsusi maraq göstərməsi və əlavə suallar verməsi onun gələcək elmi fəaliyyətə meyilinin göstəricisi ola bilər. Onun fikrincə, müəllim özü də daim öyrənməli, elmi yenilikləri izləməli və tələbələrə şəxsi nümunəsi ilə təsir göstərməlidir. Elmi fəaliyyətlə pedaqoji işin vəhdəti tələbələrin elmə daha böyük maraq göstərməsinə, onların tədqiqat bacarıqlarının formalaşmasına imkan yaradır.
Alim bildirib ki, müəllimin əməyinin ən böyük nəticəsi auditoriyada keçirilən dərslərlə məhdudlaşmır: “Müəllimin yetişdirdiyi tələbənin gələcəkdə müstəqil mütəxəssis, tədqiqatçı və alim kimi formalaşması onun üçün ən böyük uğurdur”.
Professor gənclərə müraciətində elmə maraq göstərən tələbələri qarşılarına qoyduqları məqsəddən çəkinməməyə, daim öyrənməyə və araşdırmağa çağırıb. O qeyd edib ki, elm uzunmüddətli səbir, zəhmət və məsuliyyət tələb edir və bu yolda müəllimin dəstəyi gəncin uğurunda mühüm amildir.
Qeyd edək ki, R.Məmmədov uzun illərdir elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətini də davam etdirir. O, müxtəlif universitetlərdə tələbələrə mühazirələr oxuyub, Türkiyə, Polşa, Latviya, Belarus, Qazaxıstan və Özbəkistanda keçirilən tədris və elmi proqramlarda iştirak edib. Pamukkale və Muğla universitetlərində çalışdığı müddətdə 5 doktorant və 30-dan çox magistrant yetişdirib. Hazırda da müxtəlif ölkələrin universitetlərində doktorantların elmi rəhbəri kimi fəaliyyət göstərir.
Müxbir - Tünzalə Arazlı