Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub
Bakı, 5 oktyabr, AZƏRTAC
“LIBRAFF” kitab şəbəkəsinin “Park Academy” filialında Çinin humanitar elmlər sahəsində aparıcı ali təhsil müəssisəsi olan Jenmin Universitetinin doktorantura məzunu, Çin dili müəllimi və siyasi elmlər üzrə fəlsəfə doktoru Katana Qafarovanın "Çin, mənim xəyalım" kitabının təqdimatı keçirilib. Tədbirdə Çinin Azərbaycandakı səfirliyinin müşaviri Din Tao, Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun müəllim və tələbə heyəti, eləcə də Azərbaycan və Çin mədəni icmalarının nümayəndələri iştirak ediblər.
Konfutsi İnstitutundan AZƏRTAC-a bildirilib ki, bədii üslubda qələmə alınmış “Çin, mənim xəyalım” kitabında Çində tələbə həyatı və təhsil, ölkənin akademik mühitinin özünəməxsus xüsusiyyətləri, eləcə də müəllifin şəxsi təcrübələri əks olunub. Kitabda, həmçinin şəxsi inkişaf, məsuliyyət hissi, Çində yaşayarkən və təhsil alarkən qarşıya çıxan çətinliklərin öhdəsindən gəlmək, qarşıya qoyulan məqsədlərə inamla doğru irəliləmək kimi mövzulara toxunulur. Müəllif şəxsi təcrübələri əsasında bu istiqamətlərdə düşüncələrini oxucularla bölüşür. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun sözlərinə görə, Katana Qafarovanın müəllifi olduğu kitab Çinin ali təhsil sistemi, ölkənin yüksək reytinqli universitetlərində təhsilin xüsusiyyətləri, magistratura və doktorantura proqramlarına müraciətin müxtəlif mərhələləri barədə məlumat baxımından əhəmiyyətlidir. Kitabda, eyni zamanda, Çinin qədim mədəniyyəti, ölkənin müasir ictimai həyatı və texnoloji inkişafı ilə bağlı müəllifin müşahidə və təəssüratlarına yer verilib. Rafiq Abbasov qeyd edib ki, müəllifin Çində təhsil və həyat təcrübələrini əks etdirən “Çin, mənim xəyalım” kitabı bu ölkədə təhsil almaq istəyən Azərbaycan gəncləri üçün faydalı mənbə olmaqla yanaşı, onların Çin təhsil sistemi və cəmiyyət haqqında daha ətraflı məlumat əldə etməsinə imkan yaradır.