Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir
Bakı, 5 oktyabr, AZƏRTAC
Müəllimlik və alimlik bir-birindən ayrı deyil, eyni yolun iki istiqamətidir. Alimlik daim öyrənməyi, müəllimlik isə öyrənilənləri insanlara sevdirərək çatdırmağı öyrədir. Müəllimin ən böyük uğuru nə qədər çox bilməsi deyil, özündən sonra nə qədər düşünən, araşdıran və elmə inanan insan yetişdirməsidir.
Bu fikirləri Bakı Xoreoqrafiya Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Həbibə Məmmədova 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə AZƏRTAC-a açıqlamasında deyib.
H.Məmmədova bildirib ki, onun elmə yönəlməsində Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadənin xüsusi rolu olub. O bildirib ki, müəllimi tələbəlik illərindən ona yalnız elm öyrətməyib, həm də düşünməyi, araşdırmağı və elmi əsaslara söykənməyi aşılayıb. Professor qeyd edib ki, müəllimin əsas missiyalarından biri gəncin daxilindəki potensialı görmək və ona özünə inanmaq üçün stimul verməkdir. Bəzən müəllimin “Sən bacararsan” deməsi bir gəncin gələcək həyat yoluna ciddi təsir göstərə bilər. “Gələcək alimi mən gəncin yalnız biliyində deyil, bilmədiklərinin qarşısında necə davrandığında görürəm. Əgər bir gənc cavabı hazır olan suallarla kifayətlənmir, cavabı hələ tapılmamış sualların ardınca gedirsə, deməli, onun içində alim ruhu var”. O bildirib ki, gənclərin elmə marağını artırmağın ən mühüm yolu onlara elmi sevdirməkdir. Müəllim hazır cavabları verməkdənsə, şagirddə “Niyə?”, “Necə?” və “Bəs bundan sonra nə ola bilər?” suallarına maraq yaratmalıdır. Çünki elmi düşüncə məhz sual vermək və cavab axtarmaqla formalaşır.
H.Məmmədova müəllimlərə müraciətində onların yalnız dərs demədiyini, eyni zamanda, insan taleyinə toxunduğunu qeyd edib. O, müəllimlərin hər bir gəncə gələcəyin alimi, sənətçisi, ziyalısı və cəmiyyətin qurucusu kimi yanaşmasının vacibliyini vurğulayıb. “Əsl müəllim şagirdinə özündən asılı olmağı deyil, bir gün özündən daha uzağa getməyi öyrədir. Müəllimin ən böyük uğuru onun yetişdirdiyi şagirdin bir gün müəlliminin qoyduğu sərhədi aşmasıdır”, – deyə professor əlavə edib.
Müxbir-Tünzalə Arazlı