Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar
Bakı, 5 oktyabr, AZƏRTAC
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə qoşulub.
AZƏRTAC xəbər verir ki, ikinci yarış günündə qadınlar arasında Gültac Məmmədəliyeva (52 kiloqram), kişilər arasında isə Turan Bayramov, Nizami İmranov və Ruslan Paşayev (hamısı 66 kiloqram) qüvvələrini sınayıblar.
Bayramov təsnifat, İmranov 1/16, Paşayev 1/8, Məmmədəliyeva isə 1/4 finalda rəqiblərinə məğlub olublar. Qadın cüdoçumuz bürünc medal uğrunda təsəlliverici görüşdə çıxış etsə də, bu cəhdi də uğursuz alınıb.
Beləliklə, Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Yarışın ilk günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kiloqram) dünya çempionu olub.