“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində
Bakı, 5 oktyabr, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin aparıcı elmi işçisi dosent Elvüsal Məmmədovun tərcümə etdiyi “İslam mədəniyyəti atlası” işıq üzü görüb.
İnistitutdan AZƏRTAC-a bildirilib ki, İslam mədəniyyəti və sivilizasiyası mövzusunda fundamental və ensiklopedik iş olan bu nəşr amerikalı dinşünas-filosof İsmayıl Raci Faruqi və sənətşünas Luis Ləmya Faruqinin qələmə aldıqları bir kitabdır. Azərbaycan dilində nəşrin elmi redaktoru və “Ön söz”ün müəllifi AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevadır. İslam mədəniyyəti və sivilizasiyasının zəngin irsini ilk dəfə vahid “atlas”da sistemli şəkildə təqdim edən bu fundamental əsər İslam dünyagörüşü, etiqad sistemi, ənənələri, ictimai institutları və tarixi inkişaf prosesini geniş elmi əsaslarla əks etdirir. Zəngin xəritələr, illüstrasiyalar və cədvəllərlə müşayiət olunan nəşrdə müsəlman dünyasında ibadət həyatı, elm, incəsənət, hüquq, fəlsəfə, memarlıq və siyasət sahələrindən təşəkkül tapan mədəniyyət və sivilizasiya hərtərəfli şəkildə təhlil edilir.
Müəlliflər İslam sivilizasiyasının tarixi köklərini araşdıraraq ərəblərin, Mesopotamiya xalqlarının, kənanilərin, yəhudilər və digər qədim sivilizasiyaların təsirlərini müqayisəli şəkildə nəzərdən keçirib, bununla yanaşı, onlar İslamın müxtəlif etnik və mədəni cəmiyyətləri vahid etiqad, ümumi dəyərlər sistemi və harmonik sivilizasiya modeli ətrafında necə birləşdirdiyini elmi faktlar əsasında sübut etməyə çalışıblar. Klassik və müasir elmi araşdırmaları özündə birləşdirən bu əsər İslamı daxili məntiqi və özünəməxsus dünyagörüşü çərçivəsində təqdim edir, Qərb elmi ədəbiyyatında bəzən diqqətdən kənarda qalan və ya təhrif olunan bir sıra məsələlərə aydınlıq gətirir. Bu baxımdan, kitab yalnız İslam sivilizasiyasının tarixi və mədəni inkişafını öyrənən tədqiqatçılar üçün deyil, ümumilikdə din fenomeni ilə maraqlanan hər bir oxucu üçün mühüm elmi mənbə kimi qəbul oluna bilər.