Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib
Ağdam, 5 oktyabr, AZƏRTAC
Beş ilə yaxındır Aqrar Biznes Festivalları keçirilir və son illərdə sayı artırılıb. Bu festivalların əsas məqsədi texnologiyaları, toxumları, gübrələri, aqrar sahədə istifadə olunan innovasiyaları fermerlərə daha yaxın gətirmək və fermerləri bununla tanış etməkdir. Eyni zamanda aqrar məhsulların satışını təşkil etməkdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlaması zamanı deyib.
Məcnun Məmmədov bildirib ki, indiyə kimi keçirilmiş festivallar çərçivəsində 16 milyon manatdan daha çox satış həyata keçirilib: “Bu festivallarda 85 mindən çox fermer və ümumilikdə 500 mindən çox vətəndaş iştirak edib”.
M. Məmmədov bildirib ki, Dövlət Proqramı çərçivəsində veriləcək kreditlərin faiz subsidiyası mexanizmi artıq təsdiqlənib. O qeyd edib ki, həm Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), həm də Aqrar Sığorta Fondu çərçivəsində bu mexanizmin tətbiqi həyata keçiriləcək: “Birillik bitkilərə ilk dəfə olaraq bu payız limitli şəkildə veriləcək kreditlərin, yəni birillik və mövsümi kreditlərin faizlərinin dövlət tərəfindən qarşılanması nəzərdə tutulub”.
Müxbir - Tahir Ağaməmmədov