Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH
Bakı, 5 oktyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Prezident İlham Əliyev iqtisadi müstəqilliyin qorunmasını və gücləndirilməsini dövlətimizin qarşısında duran strateji vəzifələrdən biri kimi dəyərləndirməklə yanaşı, bunun YAP-ın mühüm missiyalarından biri olduğunu da bəyan edib. Partiyanın qurucusu Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsində də siyasi müstəqilliklə iqtisadi müstəqillik bir-birindən ayrılmaz anlayışlar olub. Məhz buna görə də Ümummilli Liderin müstəqillik konsepsiyasında əsas amillərdən biri ölkənin möhkəm iqtisadi dayaqlarının yaradılması, milli iqtisadiyyatın xalqımızın maraqları əsas götürülməklə dünya iqtisadi sisteminə inteqrasiyası və siyasi qərarların müstəqil şəkildə qəbul edilməsi üçün zəruri iqtisadi imkanların təmin olunması idi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov deyib.
O qeyd edib ki, Ulu Öndərin fikirləri yeni dövrün çağırışları kontekstində Prezident İlham Əliyev tərəfindən Qurultayda qarşıda duran ən aktual vəzifələrdən biri kimi diqqətə çatdırılıb. Dövlətimizin başçısı öz nitqində iqtisadi müstəqilliyi ölkəmizin gələcək inkişafının mühüm dayaqlarından biri kimi dəyərləndirib.
“Dünya təcrübəsi də göstərir ki, siyasi müstəqilliyin və milli təhlükəsizliyin təməlində güclü, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyat dayanır. Güclü iqtisadiyyat güclü dövlət və dayanıqlı gələcək deməkdir. Dövlətimizin başçısının YAP-ın Qurultayındakı nitqində iqtisadi müstəqillik, investisiya cəlbediciliyinin artırılması, maliyyə sabitliyinin təmin edilməsi, enerji potensialı və nəqliyyat imkanlarının genişləndirilməsi, qeyri-neft sektorunun inkişafı, əhalinin rifahının yüksəldilməsi istiqamətləri ön plana çıxıb. Prezident İlham Əliyevin çıxışında diqqətçəkən məqamlardan biri də iqtisadi müstəqilliklə vətəndaş həmrəyliyi arasında sıx və qarşılıqlı əlaqənin mövcudluğu ilə bağlı irəli sürülən dəyərli fikirlərdir. Bu əlaqə belə bir məntiqi ardıcıllıqda özünü göstərir ki, güclü iqtisadiyyat vətəndaş həmrəyliyini, həmrəy cəmiyyət isə iqtisadi inkişafın və müstəqil iqtisadi siyasətin həyata keçirilməsini şərtləndirir. Eyni zamanda, vətəndaş həmrəyliyi milli məqsədlər ətrafında birliyi möhkəmləndirir, əlverişli investisiya mühitinin formalaşmasına, sahibkarlığın və məhsuldarlığın inkişafına dəstək verir. Başqa sözlə, iqtisadi müstəqillik dövlətin gücünü, vətəndaş həmrəyliyi isə həmin gücün ictimai dayağını formalaşdırır. Bu iki amilin vəhdəti milli dayanıqlılığın və güclü dövlətin əsas şərtlərindən biridir. Bu gün biz yalnız əldə etdiyimiz uğurlardan danışmaqla kifayətlənməməli, daha çox gələcəyin Azərbaycanı haqqında düşünməliyik. Gələcəyin Azərbaycanı iqtisadi cəhətdən güclü, siyasi baxımdan müstəqil olmalı, vətəndaş öz dövlətinə güvənməli, sahibkar özünü ölkənin inkişafında tərəfdaş kimi hiss etməli, gənclər gələcəklərini öz ölkələrində, hər bir vətəndaş isə əməyinin nəticəsini öz həyatında görməli, bütün vətəndaşları birləşdirən azərbaycançılıq ideyası isə daha da möhkəmlənməlidir. Bu məqsədlərə nail olmaq üçün YAP üzvlərinin qarşısında mühüm siyasi məsuliyyət dayanır. İqtisadi inkişafda YAP-ın rolundan danışarkən uğurlu iqtisadi siyasətin mahiyyətinin cəmiyyətə çatdırılması və təşviqi, qəbul edilən qanunların, qərarların məqsəd və məzmununun əhaliyə düzgün izah edilməsi xüsusi əhəmiyyət kəsb edir”, - deyə professor bildirib.
YAP-ın dövlətçilik missiyası - Gələcək nəsillər üçün daha güclü Azərbaycan
Vahid Novruzov vurğulayıb ki, partiya üzvləri və yerli təşkilatlar iqtisadi fəallığın təşviqi, innovasiya, rəqəmsal iqtisadiyyat və yeni iqtisadi təşəbbüslərlə bağlı maarifləndirmə işini sistemli şəkildə həyata keçirməlidirlər. Qarşıda duran əsas vəzifələrdən biri də gənclərin iqtisadi proseslərə daha fəal cəlb olunması, onların təşəbbüskarlığının dəstəklənməsi və cəmiyyətlə dövlət arasında fəal əlaqənin daha da gücləndirilməsidir. Dövlətimizin başçısı çıxışında ideoloji təhlükəsizliyin də fiziki təhlükəsizlik kimi önəmli məsələ olduğuna diqqət çəkib. Bu fikir müasir dövr və gələcəyimiz üçün xüsusilə mühüm əhəmiyyət kəsb edir. Çünki ideoloji risklər doğurdan da sərhəd tanımır.
“YAP-ın qarşısında dayanan dövlətçilik missiyası yalnız əldə olunan nailiyyətlərin qorunması ilə məhdudlaşmır, eyni zamanda, Azərbaycanın gələcək inkişafının möhkəm və dayanıqlı əsaslar üzərində qurulmasına öz töhfəsini verməkdən ibarətdir. Bu baxımdan, dövlətin iqtisadi siyasətinin cəmiyyətə düzgün çatdırılması, gənclərin və sahibkarların inkişaf proseslərinə fəal cəlb olunması, qarşıya qoyulan strateji vəzifələrin təşviqi ilə yanaşı, ədalətli rəqabət mühitinin formalaşdırılması, investisiya cəlbediciliyinin artırılması, şəffaflığın yüksəldilməsi, innovasiya və sahibkarlığın dəstəklənməsi, eləcə də müasir rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi mühüm əhəmiyyət kəsb edir”, - deyə Vahid Novruzov bildirib.