Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH
Bakı, 5 oktyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın qarşıdakı dövrdə dövlət quruculuğu, milli təhlükəsizlik, xarici siyasət, iqtisadi inkişaf, ideoloji təhlükəsizlik və Böyük Qayıdış siyasəti üzrə prioritetlərini bəyan etdi. Qurultayın əsas özəlliklərindən biri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilən ilk qurultay olmasıdır. Bu amil həm ölkənin keçdiyi tarixi yolun nəticələrini qiymətləndirməyə, həm də yeni siyasi mərhələnin əsas hədəflərini müəyyənləşdirməyə imkan verir. 1992-ci ildə təsis olunan Yeni Azərbaycan Partiyasının qarşısında duran əsas məqsədlərdən biri güclü dövlətçilik ənənələrinin formalaşdırılması, ölkənin parçalanma və qeyri-sabitlik təhlükəsindən çıxarılması idi. Bu baxımdan Prezident İlham Əliyev YAP-ın siyasi tarixini Azərbaycanın dövlətçilik tarixinin mühüm mərhələləri ilə əlaqələndirdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
O bildirib ki, Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirləri ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təmin etdi. Bu iki tarixi hadisə Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açdı. Bu zəfərlərin arxasında hərbi güclə yanaşı, uzun illər ərzində həyata keçirilmiş məqsədyönlü dövlət siyasəti, iqtisadi inkişaf, diplomatik fəaliyyət, ordunun modernləşdirilməsi və milli həmrəyliyin gücləndirilməsi dayanırdı.
Prezidentin də vurğuladığı kimi, bütün dünya Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyırdı. Ancaq biz hamımız onu da bilirik ki, sözdə bir şey deyilir, amma arxa qapılar arasında başqa şeylər edilir. Ona görə biz bu riyakarlıqla 30 il üz-üzə qalmışdıq, amma bu riyakarlığa Azərbaycan əsgərinin yumruğu son qoydu. Bu baxımdan Qarabağ Zəfəri Azərbaycanın siyasi iradəsinin, milli birliyin və dövlət gücünün vəhdətinin nəticəsidir.
Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etsə də, dövlətin təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasında qalacaq.
Deputat qeyd edib ki, dünyada geosiyasi qarşıdurmaların, müharibələrin və təhlükəsizlik böhranlarının genişlənməsi dövlətlərin müdafiə qabiliyyətinin gücləndirilməsini zəruri edir. Azərbaycan da bu reallıqdan çıxış edərək hərbi potensialını daim inkişaf etdirməkdədir.
Prezidentin də söylədiyi kimi, əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır. Biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək. Bu, yeni müharibəyə hazırlıq deyil, ilk növbədə, müharibənin qarşısını almağa yönəlmiş çəkindirmə siyasətidir. Güclü ordu, müasir silahlanma və yüksək müdafiə qabiliyyəti Azərbaycanın suverenliyinin və təhlükəsizliyinin əsas təminatlarından biridir. Beləliklə, Azərbaycanın təhlükəsizlik konsepsiyasında güc amili hərbi üstünlüklə yanaşı, ölkəyə qarşı hər hansı təxribatın qarşısını əvvəlcədən almaq məqsədi daşıyır.
“Güclü dövlətin əsas dayaqlarından biri iqtisadi müstəqillikdir. Prezident İlham Əliyevin qurultaydakı çıxışında iqtisadi inkişaf, investisiyalar, sosial siyasət, valyuta ehtiyatları və xarici borcun səviyyəsi ilə bağlı məsələlər də geniş yer aldı. Prezident gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bildirdi. Bununla yanaşı, sosial siyasətin davamlılığının iqtisadi inkişafdan asılı olduğu vurğulandı. Azərbaycanın investisiya cəlbediciliyinin artması da bu siyasətin mühüm nəticələrindən biridir.
Qarabağın və Şərqi Zəngəzurun bərpası VIII Qurultayda da qarşıdakı dövrün əsas strateji istiqamətlərindən biri kimi təqdim edildi. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri Qarabağın və Şərqi Zəngəzurun Azərbaycanın ümumi inkişaf sisteminə inteqrasiyasını təmin edir.
Prezident İlham Əliyevin Qurultaydakı çıxışının əsas siyasi mesajlarından biri də Azərbaycanın qazandığı nailiyyətlərlə kifayətlənməməsi, qarşıdakı çağırışlara daim hazır olmasıdır. Əsas məqsəd Zəfərin siyasi, iqtisadi, sosial və ideoloji nəticələrini möhkəmləndirmək, güclü dövlət modelini daha da inkişaf etdirmək və Azərbaycanın beynəlxalq mövqelərini davamlı şəkildə gücləndirməkdir”, - deyə N.Məmmədova vurğulayıb.