Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır
Bakı, 5 oktyabr, AZƏRTAC
Müasir müəllim savadı və geniş dünyagörüşü ilə yanaşı, öz işinin peşəkarı olmalı, eyni zamanda tələbəyə fərdi yanaşmağı bacarmalıdır. Pedaqoq müəyyən mənada psixoloq kimi də çıxış etməli, gəncin xarakterini, maraqlarını və potensialını düzgün dəyərləndirməlidir.
Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar müəllim, Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin Populyar musiqi və caz ifaçılığı şöbəsinin rəhbəri Firəngiz Xəlilova bildirib.
Onun sözlərinə görə, musiqi müəlliminin qarşısında duran əsas vəzifələrdən biri tələbədə musiqiyə həqiqi sevgi yaratmaqdır: “Musiqi müəllimi üçün tələbəyə peşəkarlıq və ifaçılıq ustalığı qazandırmaqdan daha çətini onda musiqiyə sevgi aşılamaqdır. Əgər tələbədə bu sevgi varsa, onu peşəkarlığa və sənətkarlığa doğru istiqamətləndirmək daha asan və eyni zamanda, müəllim üçün daha sevindirici olur”.
Gənclərin milli musiqiyə marağının formalaşdırılmasından danışan Firəngiz Xəlilova vurğulayıb ki, bunun üçün zəngin milli musiqi xəzinəmizin nümunələrini gənc nəslə tanıtmaq, təbliğ etmək və sevdirmək vacibdir. Onun fikrincə, milli musiqi irsinə hörmət və sevginin aşılanması hər bir musiqi müəlliminin əsas vəzifələrindən biri olmalıdır.
Təxminən 40 ildir pedaqoji fəaliyyətlə məşğul olduğunu qeyd edən Əməkdar müəllim bu illər ərzində yetişdirdiyi tələbələrin hazırda ölkənin müxtəlif təhsil müəssisələrində və musiqi kollektivlərində uğurla çalışdıqlarını söyləyib: “Müəllimin qazandığı ən böyük dəyər şagird və tələbə sevgisidir. Tələbə müəllimini sevdikdə onun tədris etdiyi fənnə də xüsusi münasibət bəsləyir. İllər keçsə belə, bu sevgi sönmür. Mənim üçün müəllimlik peşəsinin ən qiymətli tərəfi də məhz budur”.
Firəngiz Xəlilova müəllimin insanın şəxsiyyət kimi formalaşmasında mühüm rol oynadığını da diqqətə çatdırıb. Bildirib ki, uşaqlıq illərindən ali təhsil mərhələsinədək insanın həyatına daxil olan hər bir müəllim onun dünyagörüşündə və gələcək seçimlərində müəyyən iz qoyur.
Öz müəllimini xatırlayan F.Xəlilova deyib: “Ustadım, istedadlı xormeyster və dirijor, Əməkdar müəllim Fazil Əliyevin qəlbindəki sənət alovunun bir qığılcımı mənim də sənətə bütün varlığımla bağlanmağıma səbəb oldu. Onun öyüd-nəsihətləri, mənə verdiyi dəyərli məsləhətlər çoxdur. Lakin sənət eşqini heç bir sözlə tam təsvir etmək mümkün deyil. Ustadımdan aldığım həmin qığılcımı bu gün öz tələbələrimdə də alovlandıra bildiyim üçün çox xoşbəxtəm”.
Müxbir – Günel Alıyeva