“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” mövzusunda mühazirə dinlənilib
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və AMİM-in birgə təşkilatçılığı ilə “Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə dinlənilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, “Muzeydə mühazirə” layihəsi çərçivəsində keçirilən tədbirdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey və Turizm Mərkəzinin fondunun numizmatika üzrə mütəxəssisi, tədqiqatçı-alim Şahin Əliyev orta əsr sikkələrində əks olunan fauna təsvirlərindən bəhs edib.
Tədbir zamanı sikkələr üzərində yer alan heyvan motivlərinin xüsusiyyətləri, onların simvolik məzmunu və orta əsrlərin mədəni-tarixi mühitində daşıdığı məna haqqında ətraflı məlumat verilib. Mühazirədə bəhs olunan sikkələrdən nümunələr iştirakçılara təqdim olunub, onların üzərindəki təsvirlər və motivlər izah edilib.
Mövzu çərçivəsində ətraflı müzakirələrin aparıldığı tədbirdə iştirakçıların sualları cavablandırılıb.