Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova
Bakı, 5 oktyabr, AZƏRTAC
Müəllim bir gəncin gələcəyinə bəzən onun özünün düşündüyündən daha böyük təsir göstərə bilər. Çünki müəllim şagirdin yalnız bu gününü deyil, potensialını da görür. Onun bacarığına inanmaq, düzgün istiqamət vermək, səhv etməkdən qorxmamağı öyrətmək və daim inkişaf etməyə həvəsləndirmək müəllimin ən böyük təsirlərindəndir.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent, Gülnar Qəmbərova 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə AZƏRTAC-a açıqlamasında müəllimliyin gənclərin dünyagörüşünün, elmi düşüncəsinin və gələcək istiqamətinin formalaşmasında mühüm rol oynadığını bildirib.
O qeyd edib ki, onun elmə yönəlməsində müəllimlərinin böyük rolu olub. Müəllimlərindən sual verməyi, araşdırmağı və hər hansı fikri hazır şəkildə qəbul etməyərək onun mahiyyətinə varmağı öyrəndiyini deyən G.Qəmbərova vurğulayıb ki, müəllimin təsiri yalnız verdiyi biliklə ölçülmür. Müəllimlik və alimlik bir-birini tamamlayan iki mühüm missiyadır. Alim daim öyrənir, araşdırır və yeni bilik yaratmağa çalışır, müəllim isə həmin biliyi gənc nəslə ötürməklə yanaşı, tələbələrdə müstəqil düşüncə və araşdırma bacarığı formalaşdırır. Onun fikrincə, elmi fəaliyyət müəllimin dünyagörüşünü genişləndirir, müəllimlik isə alimə öz tədqiqatlarını daha aydın və sistemli şəkildə ifadə etmək imkanı verir. Filoloq hesab edir ki, gələcək alim potensialı, ilk növbədə, gəncin marağında və sual vermək bacarığında özünü göstərir. Həqiqi tədqiqatçı hazır cavablarla kifayətlənmir, “nə üçün?”, “necə?” və “başqa cür mümkündürmü?” kimi suallar verir. Səbir, analitik düşüncə, sistemli işləmək, yeniliklərə açıq olmaq və uğursuzluq qarşısında ruhdan düşməmək də gələcək alim üçün vacib keyfiyyətlərdir.
Hazırda müəllim kimi fəaliyyətini davam etdirən G.Qəmbərova gənclərin elmə marağının artırılması üçün onların kiçik tədqiqatlara, layihələrə, elmi müsabiqələrə, konfranslara və müzakirələrə cəlb edilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, müəllim tələbənin fikrini dinləməli, onun sual verməsinə, müstəqil düşünməsinə və hətta müəyyən səhvlər etməsinə imkan yaratmalıdır. Çünki elmi düşüncə hazır cavabları əzbərləməklə deyil, sual vermək və araşdırmaqla formalaşır. Alim gənclərə öyrənməkdən, sual verməkdən və araşdırmaqdan çəkinməməyi, qarşılarına böyük məqsədlər qoyaraq bu məqsədlərə çatmaq üçün səbirli olmağı tövsiyə edib. G.Qəmbərova bütün müəllimləri peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, müəllimin verdiyi bilik zamanla unudula bilər, lakin onun tələbəsinə göstərdiyi diqqət, inam və verdiyi istiqamət ömür boyu yadda qalır.
Müxbir -Tünzalə Arazlı