Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində
Gəncə, 5 oktyabr, AZƏRTAC
Qırğızıstanın Oş şəhərində 5 Oktyabr – Şəhər Günü münasibətilə silsilə tədbirlər təşkil olunub. Tədbirlərdə Azərbaycanın Gəncə, Çinin Şıjiazjuan, Türkiyənin Manisa, Özbəkistanın Əndican və Namanqan, eləcə də Rusiyanın Yaroslavl, Rostov-na-Donu və İrkutsk şəhərlərindən nümayəndə heyətləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə şəhərini tədbirlərdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev təmsil edib. Oş şəhərinin meri Janarbek Akayev qardaş şəhərlərdən gələn nümayəndə heyətlərini qəbul edib. Görüşdə şəhərlər arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, ticarət-iqtisadi münasibətlərin inkişafı, investisiya və turizm imkanlarının genişləndirilməsi, həmçinin mədəniyyət və təhsil sahələrində əməkdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Bununla yanaşı, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Müxbir - Elcan Məmmədov