Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək
Bakı, 5 oktyabr, AZƏRTAC
Tranzit müddətinin qısaldılması və yüklərin daha sürətli daşınması beynəlxalq nəqliyyat marşrutlarının cəlbediciliyini və rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdəndir. Bu baxımdan Orta Dəhlizin rəqəmsallaşdırılması və marşrut iştirakçıları arasında məlumat mübadiləsinin vahid sistem üzərindən həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, nəqliyyat dəhlizləri arasında rəqabətdə vaxt amili mühüm rol oynayır.
“Tranzit müddəti nə qədər qısa olarsa, marşrut bir o qədər cəlbedici və rəqabətqabiliyyətli olur. Burada söhbət yalnız bir ölkənin fəaliyyətindən getmir. Dəhlizin bütün iştirakçı ölkələri koordinasiyalı şəkildə vahid yanaşma formalaşdırmalıdır. Orta Dəhlizin rəqəmsal dəhliz formatına keçirilməsi bu baxımdan mühüm addımdır. Sənədlərin və məlumatların əvvəlcədən sinxronlaşdırılmış şəkildə mübadiləsi sərhəd-keçid məntəqələrində və digər mərhələlərdə əlavə vaxt itkisinin qarşısını almağa imkan verə bilər. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının genişləndirilməsi, Azərbaycanın dəmir yolu infrastrukturunun modernləşdirilməsi və Bakı Limanında yükötürmə qabiliyyətinin artırılması Orta Dəhliz üzrə artan yük axınının qarşılanmasına xidmət edir. Azərbaycanın bu istiqamətdə gördüyü işlər bütövlükdə Orta Dəhlizin imkanlarının genişləndirilməsinə təsir göstərir. Lakin dəhlizin səmərəli fəaliyyəti yalnız ayrı-ayrı ölkələrdə infrastrukturun inkişafından asılı deyil. Marşrutun bütün seqmentləri arasında koordinasiyanın təmin edilməsi, sərhəd və gömrük prosedurlarının sadələşdirilməsi, məlumat mübadiləsinin sürətləndirilməsi və rəqəmsal həllərin tətbiqi də eyni dərəcədə vacibdir”, – deyə R.Ağamirzəyev bildirib.
O diqqətə çatdırıb ki, dəhliz ölkələrinin infrastrukturu eyni səviyyədə deyil. Bu, dövlətlərin ərazisinin ölçüsü, marşrutun həmin ölkələrin ərazisindən keçən hissəsinin uzunluğu və iqtisadi imkanları ilə əlaqədardır: “Bununla belə, son illərdə Orta Dəhlizin iştirakçıları tərəfindən infrastrukturun inkişafına ciddi investisiyalar yatırılıb və bunun nəticələri artıq özünü göstərir. Hazırda mövcud infrastruktur müəyyən həcmdə yükün daşınmasına imkan verir. Lakin yük axınının artması fonunda dəmir yollarının, limanların, logistika mərkəzlərinin və sərhəd-keçid məntəqələrinin ötürücülük qabiliyyətinin daha da artırılması tələb olunur. Artan yük tələbatını qarşılamaq üçün infrastrukturun davamlı şəkildə təkmilləşdirilməsi vacibdir. Rəqəmsallaşma isə bu prosesin ayrılmaz hissəsidir. Rəqəmsal həllər yükün marşrut boyunca hərəkətinin daha effektiv izlənilməsinə, məlumatların vaxtında paylaşılmasına və iştirakçı ölkələr arasında koordinasiyanın gücləndirilməsinə imkan verir. Nəticədə həm tranzit vaxtı qısalır, həm də Orta Dəhlizin beynəlxalq yükdaşımalarda cəlbediciliyi artır”.
Qeyd edək ki, Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yolu sistemlərini vahid pəncərə prinsipi ilə birləşdirən Rəqəmsal Ticarət Dəhlizi platforması Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda tətbiq edilib. “Tez Gömrük” modulu kağızsız gömrük tranzitinə keçidi təmin etməklə gömrük rəsmiləşdirilməsi müddətini 8 saatdan 30 dəqiqəyə endirib.