Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO
Bakı, 5 oktyabr, AZƏRTAC
Uzun illər ərzində Oxçuçayın su keyfiyyəti Ermənistanın Qafan ərazisində yerləşən Qacaran mis-molibden kombinatının fəaliyyəti və tullantıları nəticəsində ciddi şəkildə pisləşmişdi. 2020-ci ildə torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazidən su nümunələri götürüldü və biz bu məsələni BMT tribunasından və digər beynəlxalq təşkilatlarda dəfələrlə gündəmə gətirdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Environmental Protection First” Koalisiyasının üzvü Amin Məmmədov Ermənistan ərazisində həyata keçirilən dağ-mədən sənayesi və digər fəaliyyətlərin Qafqaz regionunun ətraf mühitinə təsirlərinə həsr olunmuş brifinqdə söyləyib.
O bildirib ki, hazırda həmin kombinat fəaliyyətini dayandırsa da, ərazidə mədən sənayesi işləri davam etdirilir. Ümumiyyətlə, Azərbaycanın ərazilərinin 27 illik işğalı dövründə işğalçı rejim tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində Qarabağ və Şərqi Zəngəzur regionlarının ətraf mühitinə ciddi mənfi təsirlər göstərilib.