Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib
Bakı, 5 oktyabr, AZƏRTAC
Pirallahı Sənaye Parkının əsas məqsədi ölkəmizdə əczaçılıq sənayesinin inkişafına dəstək vermək, dərman istehsalında idxaldan asılılığı azaltmaq və yerli istehsalı artırmaqdır. Eyni zamanda, burada yeni iş yerlərinin yaradılması da əsas məqsədlərdən biridir.
Bu barədə AZƏRTAC-a müsahibəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Taleh Quliyev deyib.
O bildirib ki, hazırda Pirallahı Sənaye Parkında 6 rezident fəaliyyət göstərir. Park üzrə ümumi investisiya portfeli 175,6 milyon manatdır. Bunun 111,3 milyon manatı artıq layihələrin icrasına yönəldilib. Həyata keçirilən layihələr nəticəsində bu günə qədər 215 nəfər daimi işlə təmin olunub. Rezidentlər tərəfindən indiyədək ümumilikdə 82,2 milyon manat dəyərində məhsul istehsal edilib. Ümumiyyətlə, sənaye parklarında sahibkarlar üçün kifayət qədər geniş güzəştlər və təşviq mexanizmləri tətbiq olunur.
“İlk növbədə, rezidentlər dövlət vəsaiti hesabına yaradılmış hazır infrastrukturla təmin edilirlər. Bundan əlavə, rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən azad olunurlar. Həmçinin istehsal məqsədilə xaricdən gətirilən texnika və avadanlıqlar ƏDV-dən və gömrük rüsumlarından azad edilir”, - deyə Taleh Quliyev əlavə edib.
Video - Şövqi Əzizov