Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan Elm Fondunun 2026-cı il Əsas Qrant Müsabiqəsinin qaliblərindən biri də Bakı Dövlət Universiteti əməkdaşlarının “Azərbaycan florasının dərman bitkilərinin ekstraktlarında terapevtik nanohissəciklərin sintezi texnologiyasının işlənməsi və tədqiqi” mövzusunda layihəsidir. Layihənin rəhbəri BDU-nun Botanika və bitki fiziologiyası kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Elşad Qurbanovdur. Onun bu layihəyə cəlb etdiyi alimlər professor Ziyəddin Məmmədov, aparıcı elmi işçi, dosent İsmət Əhmədov və onun doktorantı Kəmalə Qəhrəmanova nanobiotexnologiya və molekulyar biologiya sahəsində fundamental elmi tədqiqatların rəhbərləri və icraçılarıdır.
Professor Elşad Qurbanov AZƏRTAC-a açıqlamasında bildirilib ki, layihə insanların sağlamlığında mühüm rol oynayan, mövcud dərmanların effektivliyini, bioəlçatanlığını və təhlükəsizliyini artırmaq üçün ekoloji cəhətdən təmiz, yaşıl sintez texnologiyalardan istifadə edərək nanodərmanların yaradılmasına həsr olunub. Bu nanodərmanlar Azərbaycanın zəngin florasına məxsus dərman bitkilərindən alınan ekstraktlar vasitəsilə biogen nanohissəciklərə əsaslanan innovativ dərman formaları olacaq. Xalq təbabətində qədimlərdən işlədilən dərman bitkilərinin ekstraktlarının nanodərman formalarına salınması müasir farmokologiyanın əsas məqsədidir. Yaşıl sintez üsulu ilə dərman bitkilərinin ekstraktlarından və homogenatlarından dərman nanohissəciklərinin alınması texnologiyasının optimal variantının hazırlanması son illərdə tibbi biotexnologiyanın aktual məsələlərdən biridir. Tədqiqat obyektləri Azərbaycan florasına məxsus geniş yayılmış və nadir tapılan dərman bitkiləri olacaq Bu bitkilərin müxtəlif orqanlarından (yarpaqlar, çiçəklər, meyvələr, köklər) ekstraktlar və homogenatlar hazırlanaraq onlardan terapevtik xüsusiyyətlərə malik gümüş və dəmir nanohissəcikləri əsasında nanodərmanlar alınacaq.
Alim qeyd edib ki, sintez edilmiş nanohissəciklər müxtəlif xəstəliklərin müalicəsində bitkilərdən əldə edilən dərman preparatları kimi istifadə olunacaq. Bu xəstəliklərə mədə-bağırsaq problemləri, sinir sistemi pozuntuları, qaraciyər problemləri, ödem, sinqa, bronxit, astma, öskürək, qızdırma, menstrual ağırlaşmalar, miqren, başgicəllənmə, ekzema, podaqra, həşərat dişləmələri, sancmalar və xərçəng daxildir. Nanohissəciklərin məqsədyönlü dərman tədarükü, qabaqcıl diaqnostika və görüntüləmə, yaraların sağalması, toxuma bərpası və yeni antimikrobiyal müalicə üsulları kimi sahələrdə istifadə olunacağı gözlənilir. Dəmir nanohissəcikləri MRT kimi görüntüləmə üsulları üçün kontrast agent kimi fəaliyyət göstərə bilər, şişləri və digər patoloji dəyişiklikləri aşkar etmək qabiliyyətini artırır. Onlar, həmçinin patogenlərin, zülalların və DNT-nin həssas aşkarlanması üçün istifadə oluna bilər ki, bu da xəstəliyin erkən diaqnozunu mümkün edir. Gümüş nanohissəciklər uzunmüddətli antibakterial təsir göstərmək və infeksiyaların qarşısını almaq üçün yara sarğılarına, tibbi cihazlara və cərrahi sarğılara inteqrasiya oluna bilər.
“Hazırda ölkəmizin sosial-iqtisadi prioritetlərinə təbii sərvətlərdən səmərəli istifadə yanaşmalarının fəal şəkildə tətbiqi ilə bilik tutumlu sənaye sahələrinin və tibbin inkişafı daxildir. Bu baxımdan perspektivli sahələrdən biri yaşıl sintezə əsaslanan tibbi məhsulların hazırlanmasıdır. Klinik praktikada nanodərmanların yaradılmasına və tətbiqinə yüksək maraq tibbi xidmətin keyfiyyətinin və səhiyyənin texnoloji səviyyəsinin artırılması strategiyasında prioritet olaraq qalır. Bu sahədə elmi və praktik irəliləyiş yaşıl sintez metodlarından istifadə edərək bitki mənşəli xammal əsasında yeni nanodərmanların yaradılmasına əsaslanır. Bu məhsullar xəstəliklərin, yaraların sağalmasını sürətləndirmək, patogen mikrofloranı yatırmaq və müxtəlif dəri zədələnmələrində pozulmuş regenerativ prosesləri bərpa etmək qabiliyyətinə malikdir”, - deyə E. Qurbanov bildirib.
Müxbir - Xatirə Cəfərova