Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib
Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də Ermənistan ərazisində həyata keçirilən dağ-mədən sənayesi və digər fəaliyyətlərin Qafqaz regionunun ətraf mühitinə təsirləri mövzusunda “Environmental Protection First” (EPF) QHT Koalisiyasının brifinqi keçirilib.
AZƏRTAC xəbər verir ki, brifinqdə EPF Koalisiyasının üzvləri Amin Məmmədov, Müqabil Bayramov, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, EPF Koalisiyasının üzvü, “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyinin sədri Təvəkkül İsgəndərov və digər çıxışçılar Ermənistan ərazisində həyata keçirilən dağ-mədən fəaliyyəti və digər ekoloji risklərin regiona mümkün təsirlərindən danışıblar.
Çıxışlarda Ermənistanın Alaverdi və Sünik bölgələrindəki mədənçilik fəaliyyətinin qrunt və transsərhəd suların çirklənməsi baxımından yaratdığı risklərə diqqət çəkilib. Ermənistanın su ehtiyatlarından istifadəsi, Göyçə gölündən su götürülməsinin yaratdığı ekoloji problemlər və transsərhəd çayların çirklənməsinin, xüsusilə aşağı axında yerləşən Azərbaycan üçün mümkün nəticələri qeyd olunub.
Amulsar qızıl mədəninin istismarı ilə bağlı narahatlıqlar da diqqətə çatdırılıb. Bildirilib ki, Arpa və Vorotan çaylarının su hövzələri ilə əlaqəli ərazidə yerləşən layihənin su ehtiyatlarına, biomüxtəlifliyə və Göyçə gölü ilə bağlı ekosistemlərə potensial təsirləri uzun müddətdir müzakirə olunur. Layihənin 2025–2026-cı illərdə yenidən intensivləşdiyi və 2026-cı il avqustun 31-də Ermənistan hökuməti, “Lydian Armenia” şirkəti və bir sıra icmalar arasında inkişaf sazişi imzalandığı vurğulanıb.
Çıxışlarda Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin uzadılması ilə bağlı potensial ekoloji və transsərhəd risklərə də toxunulub.
Brifinqdə, həmçinin Ermənistanın işğalı dövründə Azərbaycanın suveren ərazilərinə vurulmuş ekoloji zərər barədə məlumat verilib. Meşələrin məhv edilməsi və deqradasiyası, təbiət qoruqlarına və nadir növlərə zərər vurulması, kənd təsərrüfatı torpaqlarının deqradasiyası, suvarma infrastrukturunun dağıdılması, Sərsəng su anbarının istifadəsi ilə bağlı problemlər və mədən yataqlarının qanunsuz istismarı diqqətə çatdırılıb.
Qeyd olunub ki, işğal dövründə Azərbaycanın bir sıra mədən yataqlarının, o cümlədən Qızılbulaq, Dəmirli, Söyüdlü, Ağduzdağ, Tutxum, Vejnəli və digər yataqların istismar edildiyi və ya istismara cəlb olunub. Bu fəaliyyətlərin torpaq və su ehtiyatlarına təsirləri barədə fikirlər səsləndirilib.
Həmçinin transsərhəd suların çirklənməsinə nümunə kimi Oxçuçayda yaranmış ekoloji problemlər də qeyd edilib.