Kəlbəcər sakinləri mina təhlükəsizliyi barədə məlumatlandırılıblar
Bakı, 5 oktyabr, AZƏRTAC
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi “İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirilməsi” adlı layihənin sonuncu tədbirini Kəlbəcər şəhərində həyata keçirib.
Bu barədə AZƏRTAC-a İctimai Birlikdən məlumat verilib.
Bildirilib ki, Kəlbəcər şəhərində fəaliyyət göstərən məktəbdə təşkil olunan tədbirdə iştirakçılara layihənin məqsədi və onun donorları, ölkəmizdə minatəmizləmə əməliyyatları və mina qurbanları haqqında məlumat verilib. Həmçinin onlar minaların növləri, tələ və sürpriz minalar, partlamamış hərbi sursatlar, onların yaratdığı təhlükələr, təhlükəli ərazilərin əlamətləri, şübhəli əşya aşkarlandıqda düzgün davranış qaydaları və aidiyyəti qurumların məlumatlandırılması barədə məlumatlandırılıblar. Bütün iştirakçılara layihə çərçivəsində hazırlanmış bukletlər paylanıb.
Qeyd edək ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin tərəfdaşlığı ilə birgə həyata keçirilən qrant müsabiqəsi çərçivəsində reallaşdırılır.
Layihənin əsas məqsədi işğaldan azad edilmiş Xocavənd, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa və Kəlbəcər rayonlarına daimi yaşamaq üçün geri qayıdan keçmiş məcburi köçkünlərin, bu ərazilərdə işləyən və təhsil alan şəxslərin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi, partlayış risklərinin azaldılması və təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasıdır.