“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “MEK Könüllülük proqramı”na yeni qəbul olunan gənclərlə görüş keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görüşdə MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov Azərbaycanda könüllülük hərəkatının xüsusilə son illərdə dövlət dəstəyi və gənclərin fəallığı sayəsində sürətlə genişləndiyini, cəmiyyətin ayrılmaz hissəsinə çevrildiyini vurğulayıb.
Direktor könüllülük fəaliyyətinin Azərbaycan gənclərinin potensialının üzə çıxarılması, şəxsi inkişafı və sosial məsuliyyətinin artırılması baxımından böyük imkanlar yaratdığını qeyd edib. “MEK Könüllülük proqramı” artıq dördüncü dəfədir həyata keçirilir.
“Bu layihə gənclərin bilik və bacarıqlarının inkişafı ilə yanaşı, onların kitabxana işi və elmi informasiya resursları ilə yaxından tanış olmalarına imkan yaradır. Builki qəbul üçün 300-dən artıq müraciət daxil olub. Seçim mərhələsinin nəticələrinə əsasən, 20 nəfər könüllü proqrama cəlb ediləcək”, – deyə direktor bildirib.
Əvvəlki könüllülük proqramlarının nəticələrindən də söz açan H.Hüseynov qeyd edib ki, proqram iştirakçılarından 3 nəfər hazırda MEK-də, 15-dən çox könüllü isə müxtəlif kitabxana və digər müvafiq müəssisələrdə çalışır.
Tədbirdə MEK-in Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev və MEK-in elmi katibi, “MEK Könüllüləri” proqramına məsul Şəbnəm Rüstəmova çıxış ediblər. Gənclərin kitabxananın fəaliyyətinə cəlb olunmasının onların nəzəri biliklərini praktiki təcrübə ilə zənginləşdirməsi, habelə müxtəlif peşəkar bacarıqlar əldə etməsi baxımından əhəmiyyəti vurğulanıb.
Daha sonra görüş dəyirmi masa ətrafında davam etdirilib. Könüllü namizədlərin bilik və bacarıqları, eləcə də proqrama uyğunluqları müsahibə mərhələsində qiymətləndirilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.