Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu
Ankara, 5 oktyabr, AZƏRTAC
Onilliklər keçməsinə baxmayaraq, 1993-1994-cü illərdə Hacettepe Universitetinin Fizika mühəndisliyi fakültəsində dərs demiş görkəmli azərbaycanlı alim, akademik Bəhram Əsgərovun xatirəsi Türkiyədə böyük ehtiramla yad edilir.
AZƏRTAC xəbər verir ki, o, bərk cisimlər fizikası və optikanın yüksək enerjili elektromaqnit şüalanmasının nizamlı atom strukturları ilə qarşılıqlı təsirinin xüsusiyyətlərini öyrənən sahəsi olan kristalloqrafiyanın Türkiyədə inkişafının əsasını qoyan alimlərdən biri kimi tanınır.
Həmvətənimiz Ankaradakı universitetdə müxtəlif səviyyələr üzrə mütəxəssislərin, o cümlədən doktorantların hazırlanmasına mühüm töhfə verib. Onların bir çoxu hazırda qardaş ölkənin universitetlərində artıq özləri dərs deyir.
Qardaş ölkədə işlədiyi illər ərzində Bəhram Əsgərov yalnız pedaqoji fəaliyyətlə kifayətlənməyib, elmi araşdırmalarını da davam etdirərək iki ölkənin akademik dairələri arasında əlaqələrin möhkəmlənməsinə töhfə verib.
Hacettepe Universitetinin keçmiş kafedra rəhbəri, professor Dinçer Ülkü, eləcə də Bəhram Əsgərovun keçmiş doktorantlarından biri, hazırda professor olan Mehmet Cankurtaran azərbaycanlı alimin pedaqoji fəaliyyətini yüksək qiymətləndirib, akademiklə şəxsi tanışlıq dövrünü xoş xatirələrlə yada salıblar.
Türkiyə universitetinin müəllim və tələbələri azərbaycanlı alimin tədris üslubunun əsas xüsusiyyətinin mürəkkəb elmi məsələləri sadə və anlaşılan dillə izah etmək olduğunu xatırlayırlar. Elektrodinamika, bərk cisimlərin kvant nəzəriyyəsi, termodinamika və statistik fizika kimi mürəkkəb fənləri tədris edən alim sadəcə lövhədə düsturlar yazmır, onların əsasında dayanan fiziki hadisələri də aydın şəkildə izah edirdi.
Onun üçün uğurlu tələbə çoxlu düstur əzbərləyən deyil, hadisənin səbəb-nəticə əlaqəsini görə və qanunauyğunluqların mahiyyətinə vara bilən tələbə idi.
O hesab edirdi ki, əldə olunan bilikləri tələbələrə ötürmək alimin missiyasının ayrılmaz hissəsidir. Bu baxımdan “Bərk cisimlər nəzəriyyəsi”, “Termodinamika və statistik fizika” kimi dərslik və dərs vəsaitlərinin hazırlanmasına xüsusi əhəmiyyət verirdi.
Bəhram Əsgərovun adı Ankara ilə Bakı arasında elmi-pedaqoji əməkdaşlığa verdiyi töhfənin sinoniminə çevrilib, görkəmli fizikə məxsus kitablar isə bu gün də Türkiyənin bir çox universitetlərinin tələbələri üçün əsas vəsait olaraq qalır.
Akademikin Azərbaycana qayıtdıqdan sonra belə Türkiyəyə dəvət olunması təsadüfi deyildi. Alim 2001 və 2009-cu illərdə Bodrumda keçirilən beynəlxalq konqreslərdə məruzələrlə çıxış edib.
Bəhram Əsgərovun Tovuz rayonunun Əhmədabad kəndində başlayan həyat yolu azərbaycanlı alimin uğurunun parlaq nümunəsidir.
Akademik bərk cisimlər fizikası sahəsində öz elmi məktəbini yaradıb, fundamental tədqiqatlar aparıb, alimlər yetişdirib və uzun illər ərzində Bakı Dövlət Universitetinin elmi həyatında mühüm rol oynayıb.
Onun elmi əsərləri müxtəlif dövrlərdə təkcə Bakıda deyil, həmçinin Moskva, Sinqapur, Berlin və digər elmi düşüncə mərkəzlərində nəşr olunub.
Akademik uzun illər Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü, Elm və Təhsil Nazirliyinin “Fizika” ixtisası üzrə Elmi-Metodik Şurasının sədri, eləcə də elmlər doktoru elmi dərəcəsi verən müxtəlif elmi şuraların sədri və həmsədri olub.
Onun həyat yolu sadəcə bir alimin bioqrafiyası deyil, həm də milli və beynəlxalq elmi məkanda iz qoymuş ziyalının tarixçəsidir.
2014-cü ildə vəfat edən akademik Bəhram Əsgərovun elmi fəaliyyətini Türkiyədə 25 ildən artıq müddətdə qardaş ölkənin müxtəlif universitetlərində dərs demiş fizika-riyaziyyat elmləri doktoru, professor İsgəndər Əsgərov davam etdirib.
Beynəlxalq Müəllimlər Günü ilə üst-üstə düşən alimin doğum günündə – oktyabrın 5-də Türkiyənin akademik dairələrinin nümayəndələri görkəmli fizikin xatirəsini yad edirlər.