BMU “ADEX 2026” sərgisində milli tədqiqatlara töhfəsinə görə təltif olunub
Bakı, 5 oktyabr, AZƏRTAC
Bakı Mühəndislik Universiteti (BMU) “ADEX 2026” VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində milli tədqiqatlara dəstək proqramına verdiyi töhfəyə və fəal iştirakına görə sertifikatla təltif olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, sərgidə BMU tətbiqyönümlü elmi-tədqiqat fəaliyyətinin nəticələrini və innovativ həllərini nümayiş etdirib.
BMU-nun stendində müdafiə sənayesində tətbiq imkanlarına malik elmi-tədqiqat nəticələri və müxtəlif innovativ işləmələr təqdim olunub. Sərgi çərçivəsində BMU-nun laboratoriyalarında aparılan tədqiqatların nəticəsi olan 11 məhsul və innovativ həll, həmçinin LoRa P2P texnologiyası əsasında hazırlanmış “Loko GPS Tracker” izləmə sistemi nümayiş etdirilib.