“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
Bakı, 5 oktyabr, AZƏRTAC
Bakıda “Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclis və MDB Parlamentlərarası Assambleyasının (MDB PA) əməkdaşlığı çərçivəsində təşkil olunan tədbirdə Milli Məclisin, MDB PA Şurası Katibliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Türk Dövlətləri Parlament Assambleyasının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, alimlər və ekspertlər iştirak ediblər.
Tədbirdə çıxış edən Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) Bakı filialının direktoru Ramin Rzayev bildirib ki, Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir. Onun sözlərinə görə, müstəqil Azərbaycanda qadın hüquqlarının qorunması və qadınların cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirakının təmin edilməsi istiqamətində həyata keçirilən siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
MDB PA Şurası Katibliyi rəhbərinin müavini, MDB PA DİMBİ-nin direktoru İvan Muşket qeyd edib ki, Azərbaycanın parlamentarizm tarixinin araşdırılması istiqamətində mühüm elmi tədqiqat aparılıb. “Araşdırmanın nəticələrindən biri “Parlamentarizm tarixində qadınlar” adlı kitabın hazırlanmasıdır.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bildirib ki, 2024-cü il parlament seçkilərindən sonra formalaşan VII çağırış Milli Məclisdə 125 deputatdan 26-sı qadındır. Bu, qadınların parlamentdə təmsilçiliyinin 2005-ci ildəki 11 faizdən 21 faizə yüksəldiyini göstərir.
Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov da Milli Məclisin qadın deputatlarının fəaliyyətini yüksək qiymətləndirib.
Tədbir çərçivəsində Azərbaycan parlamentarizminin tarixində qadınların rolu, qadınların dövlət və cəmiyyət quruculuğunda iştirakı, ictimai-siyasi proseslərdə fəallığı və gender məsələləri müzakirə olunub.
Tədbirin sonunda məktəblilər arasında “Azərbaycan qadınlarının dövlət və cəmiyyət quruculuğunda rolu” mövzusunda keçirilmiş inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
11:22
Bakıda “Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda tədbir keçirilir.
AZƏRTAC xəbər verir ki, Milli Məclis və MDB Parlamentlərarası Assambleyasının (MDB PA) əməkdaşlığı çərçivəsində təşkil olunan tədbirdə Milli Məclisin, MDB PA Şurası Katibliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Türk Dövlətləri Parlament Assambleyasının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, alimlər və ekspertlər iştirak edirlər.
Tədbir çərçivəsində Azərbaycan parlamentarizminin tarixində qadınların rolu, qadınların dövlət və cəmiyyət quruculuğunda iştirakı, ictimai-siyasi proseslərdə fəallığı və gender məsələləri müzakirə olunur.