Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək
Bakı, 5 oktyabr, AZƏRTAC
“Qodo həsrətində” əsərində əsas diqqət insanın gözlənti içində yaşamasına, ümidlə ümidsizlik arasında qalmasına yönəldilib. Tamaşada Qodonu konkret bir obraz kimi deyil, hər bir insanın həyatında gözlədiyi, gələcəyinə inandığı və bütün problemlərinin həllini bağladığı bir ümid kimi təqdim etmək əsas məqsədlərdən biridir. Tamaşaçı səhnədə yalnız iki insanın Qodonu gözləməsini deyil, əslində hər birimizin həyat boyu müxtəlif “Qodo”ları gözləməsini görəcək. Bu gözlənti insanı yaşamağa sövq etdiyi kimi, bəzən onu çarəsizliyə və çıxılmaz qərarlara da gətirib çıxarır.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Samuel Bekketin “Qodo intizarında” pyesi əsasında hazırlanan “Qodo həsrətində” adlı tamaşanın quruluşçu rejissoru və aktyoru Əməkdar artist Şövqi Hüseynov deyib.
Əməkdar artist diqqətə çatdırıb ki, bu, həm rejissor, həm də aktyor kimi iştirak etdiyim ikinci tamaşadır. “Birinci isə “Feyerbaxam” adlı monotamaşa idi. İş prosesində əvvəlki təcrübəmdən də yararlanaraq bəzi məqamları daha yaxşı formalaşdırmağa və düzəltməyə nail oldum.
“Qodo həsrətində” tamaşası iki hissədən ibarətdir. Səhnə əsərinin birinci hissəsi 50, ikinci hissəsi isə 45 dəqiqə davam edir. Tamaşanın məşq prosesi təxminən 4 ay çəkib. Oxunuş mərhələsi isə uzun sürməyib. Mən daha çox hərəkətli analizə üstünlük verdiyim üçün mətn üzərindəki işdən çox, materialın səhnədə hərəkət və fəaliyyət vasitəsilə araşdırılmasına diqqət ayırdım.
Tamaşanın əsas strukturunda ciddi dəyişiklik olmadı. Lakin proses ərzində müəyyən ixtisarlar edildi və bu ixtisarlar tamaşanın ümumi ritminə və strukturuna uyğun şəkildə həyata keçirildi”,- deyə o əlavə edib.
Qeyd edək ki, tamaşanın premyerası oktyabrın 11-də keçiriləcək.
Müxbir – Fidan Əlizadə