Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Tusi-Bohm Planetariumun birgə təşkilatçılığı ilə Ümumdünya Kosmos Həftəsinə həsr olunmuş və Beynəlxalq Astronomiya İttifaqının (IAU) “100 Saatlıq Astronomiya” tədbirləri çərçivəsində “Sual şagirddən – cavab alimdən” adlı layihə həyata keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Azərbaycanın müxtəlif ümumtəhsil məktəblərində təhsil alan şagirdlər tərəfindən astronomiya və kosmosla bağlı suallar təqdim olunub. Seçilmiş suallar Şamaxı Astrofizika Rəsədxanasının alim və mütəxəssisləri tərəfindən cavablandırılıb.
Şagirdlər tərəfindən ünvanlanan suallar astronomiyanın müxtəlif istiqamətlərini, Günəş sistemi və planetləri, ulduzları və qalaktikaları, kosmik tədqiqatları, kainatın quruluşu və inkişafını, eləcə də gündəlik həyatda müşahidə olunan müxtəlif astronomik hadisələri əhatə edib. Həmin suallar isə şagirdlərin yaş xüsusiyyətləri və maraqları nəzərə alınmaqla, alimlər tərəfindən elmi əsaslarla, eyni zamanda, məktəblilər üçün anlaşıqlı və maraqlı formada cavablandırılıb.
Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili Ofisi (IAU OAE) – Azərbaycan üzrə Milli Astronomiya Təhsili Koordinatoru (NAEC) Komandasının üzvü Aynurə Həsənovanın rəhbərliyi, Rəsədxananın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Samirə Baxşiyevanın koordinasiyası ilə həyata keçirilən layihənin əsas məqsədi məktəblilərin astronomiya və kosmosa marağını artırmaq, onların elmi maraq və suallarını alimlərin cavabları vasitəsilə dəstəkləmək, elmi bilikləri geniş auditoriyaya çatdırmaq və elmə marağı təşviq etmək olub.