Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub
Ağdam, 5 oktyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində Ağdam rayonuna mediatur təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur çərçivəsində media nümayəndələri 100-cü Yubiley Aqrar Biznes Festivalının keçirildiyi əraziyə baxış keçirib, burada təşkil olunan sərgi bölmələri, iştirakçıların təqdim etdiyi məhsul və xidmətlər, eləcə də aqrar sahədə tətbiq olunan müasir texnologiyalar və innovativ həllərlə tanış olublar.
Media nümayəndələrinə Aqrar Biznes Festivalının məqsədləri, tədbir çərçivəsində fermer və sahibkarlar üçün yaradılan imkanlar, aqrar sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və müasir texnologiyaların tətbiqinin təşviqi barədə məlumat verilib.
Mediatur çərçivəsində, həmçinin Ağdam rayonunda “Agro Food İnvestments” şirkəti tərəfindən salınmış nar bağlarına - “Zəfər bağları”na baxış keçirilib. Media nümayəndələri bağlarda görülən işlər, narçılığın inkişafı istiqamətində həyata keçirilən fəaliyyət və işğaldan azad edilmiş ərazilərdə aqrar istehsal potensialının reallaşdırılması ilə bağlı məlumatlandırılıblar.
"Zəfər Bağları"nın icraçı direktoru Seymur Sadıqov jurnalistlərə açıqlaması zamanı bildirib ki, MMC 2024-cü ildə təsis olunub.
“Hazırda Ağdam, Xocavənd və Füzuli ərazilərində ümumilikdə 1420 hektar ərazidə fəaliyyət göstərir. Hazırda biz mövcud bağların bərpa olunması və yeni bağların salınması ilə məşğuluq. Növbəti ildən 300 hektar yeni nar və badam bağlarının salınması ilə fəaliyyəti genişləndirəcəyik. Hazırda şirkətdə 150 nəfər çalışır. Gələcək illərdə işçi sayının 250 nəfərədək artırılması nəzərdə tutulub”, - deyə Seymur Sadıqov qeyd edib.
S.Sadıqov bildirib ki, "Zəfər Bağları" MMC fəaliyyətinin ikinci ilindən etibarən Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxmağa başlayıb: "Bu ildən etibarən isə Ağdamın məşhur Gülövşə narını Səudiyyə Ərəbistanı, Bolqarıstan və Slovakiya bazarlarına çıxarmaq üçün danışıqlar aparırıq. Artıq bəzi müqavilələr imzalanıb, bir neçə gün sonra ixraca başlayacağıq" .
100-cü Yubiley Aqrar Biznes Festivalının məhz Ağdamda keçirilməsi rayonun kənd təsərrüfatı potensialının reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Ağdamda kənd təsərrüfatı torpaqlarının səmərəli istifadəsi, müasir texnologiyaların tətbiqi, yeni təsərrüfatların yaradılması və aqrar istehsal potensialının artırılması istiqamətində yeni imkanlar formalaşır.
Mediatur iştirakçıları festivalın təşkil olunduğu ərazidə aparılan işləri, sərgi və təqdimatları, eləcə də Ağdamda həyata keçirilən bərpa-quruculuq prosesinin müxtəlif istiqamətlərini yaxından izləmək imkanı əldə ediblər.
Mediaturun keçirilməsi Aqrar Biznes Festivalının məqsəd və nəticələrinin, regionda həyata keçirilən aqrar layihələrin və yaradılan yeni imkanların ictimaiyyətə daha geniş şəkildə çatdırılmasına xidmət edib.
Müxbir - Tahir Ağaməmmədov