“Yaradıcı Filmaton” layihəsi başa çatıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyi, nazirliyin tabeliyindəki Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və "Yaradıcı Mərkəz"in birgə təşkilatçılığı ilə həyata keçirilən "Yaradıcı Filmaton" layihəsi başa çatıb.
ARKA-dan AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində mentorların köməyi ilə öz layihələrini inkişaf etdirən komandalar yekunda münsiflər heyətinin qarşısında təqdimatla çıxış ediblər.
Komandaların çıxışlarını və layihə ideyalarını ARKA-nın baş direktorunun müavini, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktor vəzifəsini icra edən Qurban Primov, rejissor, prodüser Kamran Qasımov və rejissor Rafiq Hacıyev dəyərləndiriblər.
“Animafilm” komandası "Oyanış" layihəsi ilə yarışmanın qalibi seçilib. Bütün qaliblər diplom və xüsusi mükafatlarla təltif olunublar.
“Filmaton”da seçilən ilk 5 komanda yaradıcı inkubasiya proqramına qoşularaq, mentor dəstəyi ilə öz layihələrinin üzərində işləməyə davam etmək imkanı əldə edib.
Qeyd edək ki, oktyabrın 5-dən "Yaradıcı Kino İnkubasiya Proqramı"nın yeni mərhələsi başlayıb. Kino sahəsində rəqəmsal məhsul və ya startap ideyası olan komandalar proqrama qoşula bilərlər. Hər iki istiqamət üzrə iştirakçılar 4 ay ərzində mentorluq və ixtisaslaşmış təlimlərdən faydalanacaq, ofis dəstəyi əldə edəcək, film sənayesi nümayəndələri ilə əməkdaşlıq imkanları qazanacaq və proqramın sonunda ortaq "Demo Day" tədbirində öz layihələrini təqdim edəcəklər. İnkubasiya Proqramına qoşulmaq üçün oktyabrın 20-dək müraciət etmək olar.