Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub
Bakı, 5 oktyabr, AZƏRTAC
Bakıda Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin və Gürcüstan Müdafiə Nazirliyinin Strateji Kommunikasiyalar və İctimaiyyətlə Əlaqələr Departamentinin nümayəndələri arasında görüş keçirilib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə əvvəlcə qonaqlara Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin fəaliyyəti haqqında geniş məlumat verilib. Xüsusilə Azərbaycan Ordusunun Qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi, antiterror və digər döyüş əməliyyatları zamanı operativ informasiya təminatı, eləcə də dezinformasiyaya qarşı mübarizədə görülən tədbirlər diqqətə çatdırılıb.
Daha sonra Müdafiə Nazirliyinin informasiya, kommunikasiya və ictimaiyyətlə əlaqələr strategiyası, rəsmi sosial media platformalarının idarəolunması və vətəndaş müraciətləri ilə iş sahəsindəki fəaliyyətinə dair brifinqlər təqdim edilib.
Görüşdə strateji kommunikasiya və informasiya fəaliyyətinin təşkili üzrə ətraflı fikir mübadiləsi aparılıb, həmçinin iki ölkə arasında hərbi informasiya sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Səfər çərçivəsində nümayəndə heyəti Hərbi Nəşriyyat, “Azərbaycan Ordusu” qəzeti redaksiyası və Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olub.